PART 10

 

[8:41]

(Ey mö'minlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!

[8:42]

O zaman (Bədr günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar (düşmənləriniz) isə ən uzaq tərəfindən idilər. Karvan sizdən aşağıda (sahilə yaxın gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçünəyyən bir vaxtda üz-üzə gəlmək haqqında) və'dələşsəydiniz, (onların çox olmasından və sizi öldürməsindən qorxaraq) tə'yin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi (mö'minlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir mö'cüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da aşkar bir mö'cüzə ilə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir!

[8:43]

O zaman Allah rö'yanda sənə onları (düşmənləri) az göstərirdi. . Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən, ürəklərdə olanları biləndir!

[8:44]

(Düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. (Zəfər də, məğlubiyyət də sayın çoxluğu ilə deyil, Allahın iradəsi ilədir).

[8:45]

Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız!

[8:46]

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!

[8:47]

(Ey mö'minlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər (Məkkə müşrikləri) kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!

[8:48]

O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!" Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: "Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (mö'minlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!" - demişdi.

[8:49]

O zaman münafiqlər və ürəklərində mərəz (e'tiqad zəifliyi və islama qarşı şəkk-şübhə) olanlar: "Bunları (müsəlmanları) öz dinləri aldatdı!" - deyirdilər. Lakin Allaha təvəkkül edən (qalib olar). Cünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət sahibidir!

[8:50]

(Ya Rəsulum!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: "Dadın atəşin əzabını!" - deyib canlarını alanda görəydin!

[8:51]

Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!

[8:52]

Eynilə Fir'on nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Allahın ayələrini yalan hesab etdilər, Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətlidir!

[8:53]

(Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən ne'məti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi ne'məti dəyişən (pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir! (Həmin tayfalar Allahın ne'mətlərinə şükür etmək əvəzinə Ona asi olduqlarına, itaəti küfrlə əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən münasibət bəslədiklərinə görə Allah da onlara verdiyi ne'mətini qəzəbə, etdiyi yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar etdi).

[8:54]

Eynilə Fir'on nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Fir'on nəslini (dənizdə) batırdıq. Onların hamısı zalım idi!

[8:55]

Allah yanında (yer üzündə) gəzən (yürüyən) canlıların ən pisi küfr edənlərdir. Onlar artıq iman gətirməzlər.

[8:56]

Onlar (sənə qarşı müharibə etməmək barədə) əhd bağladığın kimsələrdir ki, (onu bağladıqdan) sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar.

[8:57]

Əhdi pozanları müharibədə yaxalasan (ələ keçirtsən), onlar ilə (onlara tutacağın divanla, verəcəyin cəza ilə) arxalarında olan kimsələri də (qorxudub) dağıt ki, onlar (bundan) ibrət alsınlar (bir daha əhdi pozmağa cür'ət etməsinlər)!

[8:58]

Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə e'lan et. Cünki Allah xainləri sevməz!

[8:59]

(Bədr müharibəsində qaçıb) canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, (əzabımızdan) xilas olmuşlar. Onlar (Allahı özlərinə əzab verməkdən) aciz edə bilməzlər! (Allahın əzabından qaçıb qurtara bilməzlər!)

[8:60]

(Ey mö'minlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!

[8:61]

Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!

[8:62]

Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni ?z köməyilə və mö'minlərlə müdafiə edib möhkəmlətdi.

[8:63]

Və onların (birini düşmən Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.

[8:64]

Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən mö'minlərə təkcə Allah bəs edər.

[8:65]

Ya Peyğəmbər! Mö'minləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Cünki onlar (həqiqətən, Allahın mö'minlərə olan köməyini) anlamayan bir tayfadır!

[8:66]

(Ey mö'minlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Cünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!

[8:67]

Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey mö'minlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

[8:68]

Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olsaydı (lövhi-məhfuzda qənimətlərin və əsirlərin halal olması haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab üz verərdi (toxunardı).

[8:69]

Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

[8:70]

Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah (?z əzəli elmi ilə) ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!

[8:71]

Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan verdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

[8:72]

İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək istəyənlər (ənsar) - məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur (onların dostluğundan sizə heç bir mənfəət və ya qohum olsanız belə, aranızda heç bir varislik yoxdur). Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!

[8:73]

Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər).

[8:74]

İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) - məhz onlar həqiqi mö'minlərdir. Onları (axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!

[8:75]

Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Qur'anda irs, varislik baxımından) bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi biləndir! (Məkkənin fəthinə qədər mühacirlər və ənsar qohumluq əlaqələrindən asılı olmayaraq bir-birinin varisi hesab edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ yalnız qohumlara aid edildi).

 

At-Tawbah

[9:1]

Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə (onlarla olan əhdlərinin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!

[9:2]

(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dünyada və axirətdə) rüsvay edəcəkdir!

[9:3]

Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!

[9:4]

Müqavilə bağlandıqdan sonra sizə qarşi bir naqislik etməmiş (onun şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri (əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!

[9:5]

Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını - keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

[9:6]

Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Qur'anı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Cünki onlar (haqqı) bilməyən bir tayfadır!

[9:7]

Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni-Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!

[9:8]

Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər? Onlar ürələri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar. Onların əksəriyyəti (Allaha asi olan, itaətdən çıxan, əhdi pozan) fasiqlərdir!

[9:9]

Onlar (müşriklər və ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər (islamı qəbul etməyə mane oldular). Həqiqətən, onların gördükləri iş necə də pisdir!

[9:10]

Onlar bir mö'min barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar (günah etməklə) həddi aşanlardır!

[9:11]

Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!

[9:12]

Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!

[9:13]

(Ey mö'minlər!) Məgər siz andlarınızı (əhdlərini) pozan, Peyğəmbəri (öz yurdundan) çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınzmı? Məgər onlardan qorxursunuz? Əgər (həqiqi) mö'minlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!

[9:14]

Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb mö'minlərin ürəklərini fərəhləndirsin.

[9:15]

Və onların (müşriklərin əlindən əziyyət çəkən müsəlmanların) qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

[9:16]

Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən və mö'minlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!

[9:17]

Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allahın məscidlərini tə'mir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar Cəhənnəmdə (atəşdə əbədi qalacaqlar!)

[9:18]

Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar tə'mir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!

[9:19]

(Ey müşriklər!) Məgər siz hacılara su verməyi və Məscidülhəramı tə'mir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərdə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz!

[9:20]

İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır).

[9:21]

Rəbbi onları ?zündən bir mərhəmət (bağışlanma), razılıq vəərisində onlar üçün tükənməz ne'mətlər olan cənnətlərlə müjdələr.

[9:22]

Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!

[9:23]

Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar.

[9:24]

(Ya Rəsulum!) De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!

[9:25]

Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi), sonra dönüb qaçdınız.

[9:26]

Sonra da Allah ?z Peyğəmbərinə və mö'minlərə arxayınlıq nazil etdi, (köməyinizə mələklərdən ibarət) görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır!

[9:27]

Bundan (bu əzabdan) sonra Allah yenə də istədiyinin tövbəsini qəbul edər. Allah bağışlayandır, rəhm edəndir!

[9:28]

Ey iman gətirənlər! Müşriklər (batinləri xəbis, e'tiqadları puç və iyrənc olduğuna, su başına çıxdıqdan sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına və cənabət qüslü etmədiklərinə görə), doğrudan da, murdardırlar. ?zlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidülhərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan (ehtiyacdan) qorxursunuzsa, (bilin ki) əgər Allah istəsə, öz ne'mətindən (verib) sizi mütləq dövlətli edəcəkdir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

[9:29]

Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarının haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.

[9:30]

Yəhudilər: "Uzeyr Allahın oğludur", xaçpərəstlər də: "Məsih (İsa) Allahın oğludur", - dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin ("mələklər Allahın qızlarıdır" - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lə'nət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!

[9:31]

Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!)

[9:32]

Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Qur'anı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər.

[9:33]

Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün ?z Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!

[9:34]

Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!

[9:35]

O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): "Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!" - (deyiləcəkdir!)

[9:36]

Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə'də, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!

[9:37]

Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şə'bana və ya zülqə'də, zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bə'zən halal, halal olan bir ayı da bə'zən haram hesab edərlər). Pis əməlləri onlara gözəl görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!

[9:38]

Ey iman gətirənlər! Sizə nə oldu ki, "Allah yolunda döyüşə çıxın!" - deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüz'i bir şeydir!

[9:39]

Əgər (sizə əmr olunan bu döyüşə) çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər (yerinizə başqa bir tayfa gətirər). Siz isə Ona (döyüşə çıxmamağınızla Allaha və Peyğəmbərinə) heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!

[9:40]

(Ey mö'minlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): "Qəm yemə, Allah bizimlədir!"-dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!

[9:41]

(Ey mö'minlər!) Ağırlı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb) hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!

[9:42]

Əgər o (də'vət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: "Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq",- deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir.

[9:43]

Allah səni bağışlasın! (Allah səni əfv etdi). Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?

[9:44]

Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izin istəməzlər (o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyandır!

[9:45]

Səndən (cihada çıxmamaq üçün) izin istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar.

[9:46]

Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. Onlara: "(Evdə) oturanlara (qocalar, zəiflər, qadınlar və uşaqlarla bərabər) siz də oturun!" - deyildi.

[9:47]

Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu (fəsadı) artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır!

[9:48]

Onlar əvvəl də (Uhüd döyüşündə) fitnə törətmək istəmiş və sənin üçün bir para işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu.

[9:49]

Onlardan (münafiqlərdən): "Mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə salma!"- deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!

[9:50]

Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: "Biz tədbirimizi qabaqcadan görmüşük!" deyər və sevincək halda dönüb gedərlər.

[9:51]

De: "Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də mö'minlər yalnız Allaha təvəkkül etsinlər!"

[9:52]

De: "Biz Allahın ?zü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik"!

[9:53]

(Münafiqlərə) de: "İstər könül xoşluğu ilə, istər zorla (mallarınızı) xərcləyin. Onsuz da (Allah dərgahında) sizdən qəbul olunmayacaq. Cünki siz fasiq bir tayfasınız.

[9:54]

Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir.

[9:55]

(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.

[9:56]

(Münafiqlər) sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and içərlər. Lakin onlar (əslində sizin onları öldürmənizdən ehtiyat edən, buna görə də zahirən özlərini müsəlman kimi göstərən) qorxaq bir zümrədir.

[9:57]

Əgər onlar bir sığınacaq və ya (gizlənmək üçün) mağara, yaxud girməyə bir deşik (yer) tapsaydılar, tələsik ora üz tutardılar.

[9:58]

Onlardan (münafiqlərdən) sədəqələr (onların bölünməsi) barəsində sənə eyib tutanlar da var. Əgər (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal qəzəblənərlər.

[9:59]

Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: "Allah bizə kifayətdir. Allah bizə ?z ne'mətindən bəxş edəcək, Peyğəmbəri də (sədəqədən). Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!" - deyəydilər!

[9:60]

Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mö'min olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

[9:61]

(Münafiqlər içində) Peyğəmbəri incidib: "O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır",- deyənlər də var. De: "O qulaq sizin üçün bir ne'mətdir. Allaha da inanır, mö'minlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə şiddətli bir əzab gözləyir!"

[9:62]

(Ey mö'minlər!) Onlar sizin razılığınızı qazanmaq üçün (münafiq olmadıqları barədə) Allaha and içirlər. Əgər onlar mö'mindirlərsə, (bilsinlər ki) Allahın və Onun Peyğəmbərinin razılığını qazanmaq daha vacibdir!

[9:63]

Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır.

[9:64]

Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: "Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!"

[9:65]

(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: "Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)",- deyə cavab verərlər. De: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!

[9:66]

(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!

[9:67]

Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!

[9:68]

Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu və'd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lə'nət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir!

[9:69]

(Ey münafiqlər!) Siz özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha qüvvətli (möhkəm), mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar (dünyadakı) qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına) yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər eləyənlərdir!

[9:70]

Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mö'təfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar mö'cüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər.

[9:71]

Mö'min kişilərlə mö'min qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

[9:72]

Allah mö'min kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər və'd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!

[9:73]

Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Ora nə pis yerdir!

[9:74]

(Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və mö'minlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin ?z ne'mətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!

[9:75]

(Münafiqlərin) bə'zisi də Allahla belə əhd etmişdir: "Əgər Allah bizə ?z ne'mətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq".

[9:76]

(Allah) ?z ne'mətindən onlara (istədiklərini) ehsan buyurduqda xəsislik etdilər və (əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər!

[9:77]

(Allaha) verdikləri və'də xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı.

[9:78]

Məgər (o münafiqlər) bilmirdilər ki, Allah onların (ürəklərindəki) sirlərini də bilir, gizli danışıqlarını da. Və Allah qeybləri (gizli şeyləri) çox gözəl biləndir?!

[9:79]

Könüllü surətdə (bollu) sədəqə verən mö'minlərə tə'nə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah ?zü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!

[9:80]

(Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsəndə, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!

[9:81]

(Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (mö'minlərə): "Bu istidə döyüşə çıxmayın!" - dedilər. (Ya Peyğəmbərim!) De: "Cəhənnəm odu daha istidir!" Kaş biləydilər!

[9:82]

Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar!

[9:83]

Əgər (Təbuk döyüşündən sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün) izin istəsələr, de: "Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Cünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!"

[9:84]

Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Cünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.

[9:85]

Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarınınətinliklə) çıxmasını istər.

[9:86]

Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun! - deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: "Qoy biz də (döyüşə çıxmayıb evdə) oturanlarla bir yerdə qalaq!" - deyərlər.

[9:87]

Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bir yerdə qalmağı özlərinə rəva bildilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də (Allahın öyüd-nəsihətini, cihadın savabını, ondan boyun qaçırmağın rəzalətini) anlamazlar.

[9:88]

Lakin Peyğəmbər və onunla birlikdə olan mö'minlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün ne'mətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!

[9:89]

Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlət hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!

[9:90]

Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir.

[9:91]

Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələtə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini tə'min etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!

[9:92]

(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: "Sizin minməyiniz üçün bir heyvan tapmıram",- deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!