PART
13
[12:53]
Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla,
nəfs (insana) pis işlər görməyi (şəfvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim
bağışlayandır, rəhm edəndir!"
[12:54]
Padşah dedi: "(Yusifi) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!" Sonra (padşah)
onunla söhbət etdikdə: "Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, e'tibarlı bir şəxssən!" - dedi.
[12:55]
(Yusif) dedi: "Məni bu yerin (Misirin) xəzinələrinə mə'mur tə'yin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə e'tibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!"
[12:56]
Beləliklə, Yusifi o yerdə (Misir
torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə
mərhəmətimizi nəsib edər,
yaxşı işlər görənlərin
mükafatını zay etmərik.
[12:57]
İman gətirib (Allahdan qorxanlar) pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir.
[12:58]
(Misirə ərzaq üçün yollanan) Yusifin qardaşları
gəlib onun hüzuruna daxil oldular. Onlar (Yusifi) tanımadıqları
halda, (Yusif) onları dərhal tanıdı.
[12:59]
(Yusif) onların (ərzaq) yüklərini
hazırlayıb dedi:
"Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim
ölçüdə düz və qonaqpərvərlərin
ən yaxşısı
olduğumu
görmürsünüz?!
[12:60]
Əgər onu yanıma gətirməsəniz, məndən bir qab (keyl) belə ərzaq gözləməyin və mənə də
yaxınlaşmayın!"
[12:61]
(Yusifin qardaşları) dedilər: "Ondan ötrü
atasını yola gətirməyə çalışarıq və sözsüz ki, (bunu) edərik".
[12:62]
(Yusif) xidmətçilərinə dedi: "Onların
(ərzaq əvəzinə verdikləri) mallarını da
(xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının
geri qaytarıldığını) başa düşsünlər və ola
bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha
yanımıza) qayıtsınlar!"
[12:63]
(Yusifin) qardaşları
atalarının yanına döndükdə dedilər: "Ata! Bizə ərzaq (taxıl ölçülüb)
verilməsi qadağan edildi. (Əgər Bin Yamini bizimlə Misirə göndərməsən, bizə daha heç bir
şey verilməyəcək). Yenidən ərzaq
(taxıl ölçüb)
almaq üçün qardaşımızı bizimlə birlikdə
(Misirə) göndər. Biz, əlbəttə, onu qoruyacağıq!"
[12:64]
(Yə'qub) dedi: "Bundan əvvəl qardaşını (Yusifi) sizə e'tibar etdiyim kimi, heç onu
sizə e'tibar edə bilərəmmi? Allah
?zü (onu) ən yaxşı
qoruyandır və rəhmlilərin ən rəhmlisidir!"
[12:65]
Onlar yüklərini açdıqda mallarının özlərinə
qaytarldığını görüb dedilər: "Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz (onun vasitəsilə) ailəmiz' bir daha ərzaq
alıb gətirər, qardaşımızı qoruyar
və (ərzağımızın
üstünə) bir dəvə
yükü də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə
az bir ərzaqdır!"
[12:66]
(Yə'qub) dedi: "Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini (sağ-salamat)
qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!" Onlar and içib
söz verdikdə (Yə'qub): "Allah
dediyimizə şahiddir!" - dedi.
[12:67]
(Yə'qub) dedi: "Oğullarım! (Misirə)
eyni bir qapıdan girməyin, ayrı-ayrı
qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir
şeylə dəf edə bilmərəm. Hökm
yalnız Allahındır.
Mən ancaq Ona təvəkkül
etdim. Qoy təvəkkül
edənlər də ancaq Ona təvəkkül etsinlər!"
[12:68]
Onlar ataları (Yə'qubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (özləri də bilmədən oğurluqda ittiham olundular), ancaq Yə'qubun ürəyində bir diləyi (oğlanlarına
göz dəyməməsini) yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yə'qub onu (vəhylə) öyrətdiyimiz
üçün bir elm sahibi idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!
[12:69]
Onlar Yusifin hüzuruna daxil olduqları
zaman (Yusif) qardaşını (Bin Yamini) bağrına
basıb dedi: "Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri (başımıza gətirdikləri)
işlərdən kədərlənmə!"
[12:70]
(Yusif) onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı (piyalə) qoydu. (Karvan yola
düşdükdən) sonra (arxalarınca)
bir carçı: "Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!" - deyə haray çəkdi.
[12:71]
(Yə'qubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: "Nə itirmisiniz?" - deyə soruşdular.
[12:72]
Onlar belə cavab verdilər: "Hökmdarın (qızıl) su qabını
itirmişik. Onu tapıb gətirənə
(müştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!"
(Carçı: ) "Mən
də buna zaminəm!" - (dedi).
[12:73]
(Yə'qubun oğlanları) dedilər: "Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə (Misir
torpağına) fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!"
[12:74]
Onlar soruşdular: "Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını götürənin) cəzası nədir?"
[12:75]
(Qardaşlar: ) "Onun cəzası yükündə
(oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!" - deyə cavab verdilər.
[12:76]
(Yusif doğma)
qardaşının yükündən (qabından)
əvvəl onların yüklərini axtarmağa
başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusifə (qardaşını yanında
saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir
hökmdarının) dininə
(şəriətinə,
qanunlarına) görə, o,
qardaşını tutub
öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi
üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə
yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!
[12:77]
(Qardaşlar) dedilər: "Əgər o (Bin Yamin)
oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi. . Yusif bu
sözü ürəyində saxlayıb onlara
açmadı və dedi: "Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma yalandan) aid
etdiyiniz şeyləri daha yaxşı
bilir!"
[12:78]
(Qardaşlar) dedilər: "Ey vəzir! Bunun çox qoca bir atası vardır.
Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən
adamlardan olduğunu görürük".
[12:79]
(Yusif) belə cavab verdi: "Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki,
haqsızlıq etmiş olarıq!"
[12:80]
Onlar (Bin Yamindən) ümidlərini kəsdikdə kənara çəkilib
pıçıldaşmağa başladılar (pıçıldaşaraq kənara çəkildilər). Onların
(qardaşların) ən böyüyü
dedi: "Məgər atanız sizi Allaha and
içdirib əhd aldığını və bundan qabaq
Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam (evə qayıtmağıma) izin və ya Allah
(qardaşımın xilas olması haqqında) öz
hökmünü verməyincə, mən bu yerdən (Misir
torpağından) ayrılmayacağam! O (Allah) hökm verənlərin ən
yaxşısıdır.
[12:81]
Atanızın yanına qayıdıb
deyin: "Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq
bildiyimiz şey barəsində şahidlik edirik. (Biz Bin Yaminin oğurluq etdiyini öz gözlərimizlə görməsək də,
hər halda su qabı onun yükündən çıxdı). Biz qeybi
mühafizə edən deyilik.
(Bin Yamini sağ-salamat qaytarıb gətirəcəyimiz
barədə sənə söz verdiyimiz zaman irəlidə
bir oğurluq hadisəsinin baş verəcəyini
və düzgün olub-olmasa da, onun qardaşımızın boynuna
qoyulacağını haradan biləydik? Buna görə də bizi üzrlü hesab et).
[12:82]
Olduğumuz şəhərdən (Misir əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da
soruş. Biz, həqiqətən, doğru
danışanlarıq!"
[12:83]
(Qardaşlar Yə'qubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o
dedi: "Xeyr, sizin öz
nəfsiniz sizi bu işə sövq etdi
(pis əməlinizi sizə yaxşı
göstərdi). (Bir
dəvə
yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt
oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə
edilməsi bizim şəriətimizdədir. Misir
hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl
(tükənməz, dözümlü) səbr
(gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!"
[12:84]
(Bu sözlərdən sonra Yə'qub) onlardan
(oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: "(Heyf sənə) yazıq Yusif!"
- dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yə'qubun) gözlərinə ağ
gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).
[12:85]
(Oğlanları Yə'quba) dedilər: "Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!"
[12:86]
(Yə'qub) belə cavab verdi: "Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin
çıxacağını, sizin və mənim ona tə'zim edəcəyimizi) bilirəm!
[12:87]
Oğullarım! Gedin
Yusifdən və qardaşından (Bin Yamındən)
bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər
ümidini üzər!"
[12:88]
(Yə'qubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil
olanda dedilər: "Ey vəzir! Bizə və ailəmizə müsibət
(quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına)
gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün
ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!"
[12:89]
(Yusif) onlardan: "Siz cahil olduğunuz
zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?"
- deyə soruşdu.
[12:90]
Onlar: "Yoxsa sən Yusifin özüsən?!" - dedilər. O da: "Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə
lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki)
Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!" - deyə cavab verdi.
[12:91]
Onlar: "Allaha and olsun ki, Allah səni bizdən ustün
etmişdir. Biz isə
(sənin barəndə), sözsüz ki, günah etmişik!" - dedilər.
[12:92]
(Yusif) dedi: "Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Cünki O, rəhm edələrin ən rəhmlisidir! (Mən
Allahdan sizin
bağışlanmanızı diləyərəm. O da sizi
bağışlayar!)
[12:93]
Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə başlayar. Bütün ailənizi də
yığıb yanıma gəlin!"
[12:94]
Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yə'qub yanındakı
övladlarına) dedi: "Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyirdim ki, Yusifin ətrini alıram!"
[12:95]
Onlar: "Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında
(şaşqınlığında) qalmaqdasan!" dedilər.
[12:96]
Muştuluqçu gəlib köynəyi (Yə'qubun) üzünə sürtən kimi onun gözləri
açıldı və o: "Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!" söylədi.
[12:97]
(Oğlanları ona: )
"Ata! Bizim üçün
günahlarımızın bağışlanmasını dilə. Biz,
doğrudan da, günahkar olmuşuq!" dedilər.
[12:98]
(Yə'qub) dedi: "Mən Rəbbimdən sizin
bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən,
bağışlayandır, rəhm edəndir!"
[12:99]
(Yə'qub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını
(analığı olan
xalasını) bağrına basıb: "İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!" dedi.
[12:100]
(Yusif)
ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on
bir qardaş)
hamısı (hörmət
əlaməti
olaraq) onun qarşısında səcdəyə
qapandılar. (Allah
onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi
etdilər). (Yusif) dedi:
"Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq
etdi, çünki məni zindandan qurtardı,
Şeytan mənimlə qardaşlarımın
arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə
qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O,
doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!"
[12:101]
(Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yə'qub vəfat etdi. Yusif atasını
aparıb öz vətənində dəfn etdi və dünyanın
heç bir e'tibarı
olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi: ) "Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!"
[12:102]
(Ya Rəsulum!) Bu, sənə vəhy
etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir.
Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya
atdıqları) zaman sən ki onların
yanında deyildin!
[12:103]
Sən (qövmünün imana gəlməsi üçün) təşnə olsan da, insanların (Məkkə müşriklərinin) əksəriyyəti iman gətirən deyildir!
[12:104]
Halbuki sən bundan (islamın təbliğı və imana də'vətdən) ötrü onlardan heç bir
mükafat istəmirsən. Bu (Qur'an) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!
[12:105]
Göylərdə və yerdə (Allahın birliyini
sübut edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar
onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mə'naları haqqında düşünməzlər).
[12:106]
Onların əksəriyyəti ancaq şərik qoşaraq
Allaha inanarlar. (Allah təklikdə deyil, Ona qoşduqları şəriklər-bütlər və tanrılarla birlikdə ibadət edərlər).
[12:107]
Məgər (müşriklər) Allahın əzabından onlara
bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının
üstünü almayacağına əmindirlərmi?
[12:108]
(Ya Rəsulum!) De: "Bu mənim (təbliğ, də'vət) yolumdur. Mən
və mənə tabe olan (mö'minlər)
açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan
xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən
deyiləm!"
[12:109]
Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik. Məgər (bu müşriklər) yer üzündə gəzib
dolaşmırlarmı ki, özlərindən
əvvəl gəlib-gedənlərin
(məhv olmuş xalqların,
tayfaların) aqibətinin necə
olduğunu görsünlər?
Həqiqətən,
axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk
etmirsiniz?
[12:110]
Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara
yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!
[12:111]
(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün,
sözsüz ki, bir ibrət vardır. (Bu Qur'an) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi,
(Allahın bəndələrindən ötrü) hər
bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl
izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!
Ar-Rad
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[13:1]
Əlif, Lam,
[13:2]
Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına - qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan,
ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!
[13:3]
Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!
[13:4]
Yer üzündə bir-birinə yaxın
(qonşu) qitələr (münbit, qeyri-münbit, şirin-şoran,
dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma
ağacları vardır. Halbuki Biz yemək baxımından
onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da
anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
[13:5]
(Ya Rəsulum!) Əgər (müşriklərə) təəccüblənirsənsə, əsl təəccübləniləsi (əsl təəccüb doğuran şey) onların: "Biz torpaq olduqdan sonra yenidənmi
yaradılacağıq?" - söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da (boyunlarına zəncir vurulacaq kəslər də) onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar.
[13:6]
(Müşriklər) səni tələsdirib (özlərinə) yaxşılıqdan əvvəl pislik (Allahın mərhəmətindən qabaq əzabını)
istəyirlər. Halbuki onlardan öncə (Allaha asi olan tayfalar,
xalqlar barəsində) bu kimi (ibrətamiz) cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və
şübhəsiz ki, Rəbbinin cəzası da
şiddətlidir!
[13:7]
Kafir olanlar: "Məgər ona Rəbbindən bir mö'cüzə endirilməli deyildimi?" - deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın
(doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!
[13:8]
Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud
qız doğacağını),
bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan
tez, yaxud gec yerə qoyacağını,
doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az
yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir.
(Hamının ruzisi əzəldən müəyyən edilmişdir. Hər kəsin iste'dadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey
yoxdur. )
[13:9]
O, qeybi də, aşkarı da biləndir, (hər şeydən) böyükdür, ucadır! (Allah eyibsizdir, nöqsansızdır. Onun heç bir şəriki yoxdur!)
[13:10]
Sizdən sözünü gizlədən də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən də, gündüz aşkar gəzib dolanan da
(Allah üçün) eynidir. (Allah kimin nə etdiyini bilir. Heç
bir şey Ondan gizli qalmaz).
[13:11]
(İnsan üçün) onu öndən və arxadan tə'qib edənlər (mələklər) vardır. Onu
(insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah
da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir
qövmə bir pislik yetirmək istəsə, onun qarşısı
heç cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz.
[13:12]
Sizə qorxu
və ümid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq, digər tərəfdən də yağış istəmək) məqsədilə şimşək göstərən, (yağışla
yüklənmiş) ağır
buludları yaradan da Odur.
[13:13]
Göy gurultusu Onun şə'ninə tə'riflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar
göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir! (Allah yenilməz qüvvət sahibidir!)
[13:14]
Haqq olan (qəbul edilən) dua
yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə duraraq)
ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək ovcunun su ilə dolmasını
gözləyən), lakin (quyu heç bir
şey anlamadığı üçün) suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, eşitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mə'nasız
sözlərdən) başqa bir şey deyildir!
[13:15]
Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (Yer üzündəki mö'minlər sidqi-ürəkdən, kafirlər və münafiqlər isə ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir mənfəət əldə etmək xatirinə və ya kiminsə, nəyinsə qorxusundan Allaha səcdə edərlər!)
[13:16]
(Ya Rəsulum!) De: "Göylərin və yerin Rəbbi kimdir?" (Kafirlər bu sualın qarşısında aciz qaldıqda) de:
"Allahdır!" De: "Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi (bütləri, tanrılarımı) özünüzə dost (hami) edirsiniz?!"
De: "Heç korla görən (kafirlə mö'min) və ya zülmətlə nur (küfrlə iman) eyni ola
bilərmi?! Yoxsa onlar
(müşriklər) Allaha Onun
yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!" De: "Allah hər şeyin
xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)"
[13:17]
Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan islam insanlara, torpağa həyat verən suya,
müşriklərin e'tiqadı isə boş köpüyə bənzər). Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük
heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə
misallar çəkir!
[13:18]
Rəbbinin də'vətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən gözəl ne'mət (Cənnət) gözləyir. Rəbbinin də'vətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox
pis (çətin) bir haqq-hesab
gözləyir (heç bir günahları
bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!
[13:19]
(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Qur'anın) haqq olduğunu bilən kimsə
(haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız
ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!
[13:20]
O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri və'di yerinə yetirir və əhdi pozmurlar.
[13:21]
O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir
(qohumluq əlaqələrini qoruyub saxlayır, mö'minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.
[13:22]
Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda
bütün əziyyətlərə) səbr edir,
(vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara
verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin
qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq
edirlər) - məhz onları (gözəl) axirət yurdu -
[13:23]
?zlərinin, həmçinin əməlisaleh ataları,
övrətləri və övladlarının
daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (cənnət qapılarından)
daxil olub (onlara):
[13:24]
(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir! - deyəcəklər.
[13:25]
Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lə'nətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın
pislikləri) gözləyir.
[13:26]
Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (ne'məti) axirət həyatı (ne'məti) ilə müqayisədə çox cüz'i (əhəmiyyətsiz) bir şeydir (dünya ne'məti müvəqqəti, axirət ne'məti isə əbədidir).
[13:27]
Kafir olanlar: "Məgər Rəbbindən ona bir mö'cüzə endirilməli deyildimi?" - deyirlər. (Ya Rəsulum!) De: "Allah istədiyini (haqq yoldan)
sapdırır. Tövbə edən (Allahın itaətinə qayıdan) şəxsi isə ?z hidayətinə (?zünün doğru yolu olan islam dininə) qovuşdurur".
[13:28]
O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (mö'minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!
[13:29]
İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət gözləyir)!
[13:30]
(Ya Rəsulum! Səndən əvvəl peyğəmbərlər göndərdiyimiz kimi) səni də özündən əvvəl çoxlu ümmətlər gəlib-getmiş bir ümmətə Peyğəmbər göndərdik ki, onlar Rəhmanı (Allahı)
inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Qur'anı) onlara oxuyasan. De: "O (Rəhman) mənim Rəbbimdir. Ondan başqa heç
bir tanrı yoxdur. Mən ancaq Ona təvəkkül etdim. Axır
dönüşüm (və ya tövbəm) də yalnız Onadır!"
[13:31]
Əgər Qur'anla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər
danışsaydılar (onlar yenə də iman gətirməzdilər). (Və ya əgər aləmdə bir kitab
olsaydı və onun səbəbi ilə dağlar yerindən
qopardılıb hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər dirilib danışsaydılar, o kitab mütləq bu Qur'an olardı).
Bütün işlər yalnız Allahın
ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə (doğru yola) yönəldərdi? (Və ya mö'minlər kafirlərin iman gətirmələrindən ümidlərini üzüb bilmədilərmi ki, doğru yolu tutmaq da, ondan çıxmaq da Allahın əlindədir?). Kafirlərə gəldikdə Allahın və'di (Məkkənin fəthi) yerinə yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə davam edəcək, yaxud yurdlarının yanında dayanıb
duracaqdır. (Və ya: "Ya Rəsulum! Sən öz əshabən və ordunla onların
yurdunun yaxınlığında dayanıb duracaqsan"). Həqiqətən, Allah ?z və'dinə xilaf çıxmaz!
[13:32]
(Ya Rəsulum!) Səndən əvvəl gəlib-gedən peyğəmbərlərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. Mənim onları cəzalandırmağım
necə (də dəhşətli) idi! (Bir
görəydin onlara nə dəhşətli əzab verdim!)
[13:33]
Hər bir kəsin (dünyada
yaxşıdan, pisdən) nə qazandığına nəzarət edən Allah bunu
bacarmayan bütlər kimidirmi?! (Əsla yox!) (Bununla belə, müşriklər götürüb) Allaha
(cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum!) De: "Bunlara bir ad verin görək! (Axı onlar kimdirlər, nəçidirlər?) Yoxsa Allaha yer üzündə (özünə şərik) bilmədiyi bir
şeyimi xəbər verirsiniz? Yaxud sözün zahirinə uyub (belə həqiqətdən uzaq şeyləri) deyirsiniz?
Xeyr, kafirlərə öz hiylələri (iftiraları, Allaha
qarşı uydurub düzəltdikləri yalanlar) gözəl göstərildi və onlar
(haqq) yoldan döndərildilər. Əslində, Allahın zəlalətə saldığı kimsəyə doğru yolu
göstərən olmaz.
[13:34]
Onlar dünyada əzaba düçar olacaqlar. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan (Allahın əzabından)
qurtaran olmaz.
[13:35]
Allahdan qorxub pis əməllərdən çəkinənlərə (mö'minlərə) və'd edilən Cənnətin vəsfi belədir: (ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu,
Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir!
[13:36]
Kitab verdiklərimiz (kitab əhlinin sənə iman gətirənləri) sənə nazil etdiyimizə
(Qur'ana) sevinirlər. (Yəhudilərdən və xaçpərəstlərdən sənə qarşı ədavət bəsləyən) elə firqələr də vardır ki, onun (Qur'anın) bir qismini inkar edirlər. (Ya Rəsulum!) De: "Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur. Mən (insanları yalnız) Ona (ibadət etməyə) də'vət edirəm və mənim axır
dönüşüm də yalnız
Onadır!" (Məhz Onun hüzuruna
qayıdacağam!)
[13:37]
(Ya Rəsulum!) Beləliklə, Biz onu (Qur'anı) ərəbcə bir hökm olaraq (insanlar arasında onunla hökm etmək üçün) nazil etdik. Əgər sənə (vəhylə) gələn elmdən (Qur'andan) sonra (kafirlərin) nəfslərinin istəklərinə (puç arzularına) uysan, səni Allahın əzabından qoruyan
və qurtaran olmaz! (Və ya: Sənin Allah tərəfindən nə bir dostun, nə də bir qoruyucun olar!)
[13:38]
(Ya Rəsulum!) Biz səndə əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik.
Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir mö'cüzə gətirə bilməz. Hər dövrün bir kitabı (lövhi-məhfuzda yazılmış hökmü) var. (İlahi kitablardan hər birinin öz nazil olma vaxtı var. Bunlar zamanın, dövrün tələbinə və ehtiyacına görədir).
[13:39]
Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun
yanındadır.
[13:40]
Onlara və'd etdiyimizin (əzabın) bir
qismini sənə göstərsək də və ya (ondan qabaq) səni öldürsək də (?z dərgahımıza
götürsək də, fərq etməz). Sənin vəzifən ancaq (dini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!
[13:41]
Məgər onlar (kafirlər) Bizim (hökmümüzlə, qüdrətimizlə) yer üzünə gəlib onu (müxtəlif) tərəflərindən əskiltdiyimizi (müsəlmanların get-gedə onların torpaqlarını fəth etdiklərini)
görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!
[13:42]
Onlardan əvvəlkilər də (ümmətlər, tayfalar da Allahın
peyğəmbərinə qarşı) tələ qururdular. Bütün
hiylələrin (məkrlərin) cəzasını ancaq Allah verəcəkdir. (Allah) hər kəsin (dünyada) nə
qazandığını (bütün yaxşı və pis əməllərini) bilir. Kafirlər axirət yurdunun (o dünyanın gözəl aqibətini) kimin
olacağını biləcəklər!
[13:43]
(Ya Rəsulum!) Kafirlər: "Sən peyğəmbər deyilsən!" - deyirlər. (Onlara) belə cavab ver: "Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin (Tövratı,
İncili bilən mö'min yəhudi və xaçpərəstlərin, yaxud Qur'ana bələd olan mö'min müsəlmanların və ya lövhi-məhfuzdan xəbərdar olan Cəbrailin) şahid olması yetər!"
Ibrâhîm
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[14:1]
Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Qur'an) elə bir
Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) tə'rifə (şükürə) layiq olan
Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.
[14:2]
Elə bir
Allah ki, göylərdə və yerdə nə varsa, hamısı
Onundur. Düçar olacaqları
şiddətli əzabdan ötrü vay kafirlərin halına!
[14:3]
O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət ne'mətlərindən) üstün tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) və o yolu əyri hala salmaq
istəyirlər. Onlar (haqq yoldan)
azıb uzaq düşmüşlər.
[14:4]
Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində
(danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin. Allah
istədiyi kimsəni zəlalətə salar (haqq yoldan sapdırar), istədiyini də doğru yola
yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
[14:5]
Biz Musaya: "Tayfanın (İsrail
oğullarını) zülmətdən nura çıxart və Allahın (vaxtilə onlara ne'mət verdiyi) günlərini
xatırlat. Bunda çox səbir və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!" (deyib) onu mö'cüzələrimizlə (peyğəmbər) göndərdik.
[14:6]
(Ya Rəsulum!)
Xatırla ki, bir zaman Musa öz tayfasına belə demişdi:
"Allahın sizə bəxş etdiyi ne'məti
yadınıza salın, çünki O sizi Fir'on əhlinin əlindən qurtardı. Onlar sizə dəhşətli əzab verir,
oğullarınızı öldürüb,
qadınlarınızı (özlərinə xidmət etmək üçün) diri
saxlayırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir
imtahan vardır!
[14:7]
(Ey camaatım!) Yadınızı
salın ki, o zaman Rəbiniz bunu
bildirmişdi: "Əgər (Mənə) şükür etsəniz, sizə (olan ne'mətimi)
artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!"
[14:8]
Musa dedi: "Əgər siz və bütün yer üzündə olanlar
nankorluq etsəniz, (bununla Allaha heç bir zərər yetirə bilməzsiniz). Cünki Allah (heç kimə, heç nəyə) möhtac deyildir. (O, bütün məxluqatı yaratdığına görə onsuz da öz-özlüyündə hər cür) tə'rifə (şükrə) layiqdir!"
[14:9]
Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud
tayfalarının və onlardan sonra gəlib getmiş,
(saylarını və təfsilatını) ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı?
Peyğəmbərləri onlara
açıq-aşkar mö'cüzələrlə gəlmişdilər. Onlar əllərini (heyrətlərindən, qəzəblərindən özlərinin, yaxud danışmağa imkan verməmək üçün peyğəmbərlərin)
ağızlarına qoyub:
"Biz sizinlə göndərilənlərə (mö'cüzələrə və peyğəmbərliyinizə) inanmırıq və bizi də'vət etdiyiniz (din) barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!" - demişdilər.
[14:10]
Peyğəmbərləri də (onlara) belə cavab
vermişdilər: "Məgər göyləri və yeri yaradan Allaha
da şübhə etmək olarmı?! (Allah)
günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər (ömrünüzün sonuna
kimi) möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana də'vət edir". Onlar
demişdilər: "Siz də bizim kimi adi
bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyirsiniz. (Əgər
bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim
tapındığımız bütlərin isə batil
olmasını sübut edən)
açıq-aşkar bir dəlil gətirin!"
[14:11]
Peyğəmbərləri onlara cavab verərək demişdilər: "(Bəli) biz də sizin kimi adi bir
insanıq. Lakin Allah ?z bəndələrindən dilədiyinə ne'mət (peyğəmbərlik) bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil (mö'cüzə) gətirə bilmərik (buna qüdrətimiz çatmaz).
Mö'minlər yalnız Allaha təvəkkül etsinlər!
[14:12]
Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını)
göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik? (Sizi Allahın haqq yoluna də'vət etdiyimizə görə) bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!
[14:13]
Küfr edənlər peyğəmbərlərinə dedilər: "Ya sizi yurdumuzdan
çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!" Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: "Biz o zalımları mütləq məhv edəcəyik!
[14:14]
Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamımdan
(qiyamət günü haqq-hesab üçün
hüzurumuza durmaqdan) və əzabımdan qorxanlara
aiddir!"
[14:15]
(Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz
döndərən və Allaha itaət etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı.
[14:16]
Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. (Hər bir inadkar təkəbbür sahibinə orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı
sudan içirdiləcəkdir!
[14:17]
O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə bilməz). Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin ölməz (ki, birdəfəlik canı
qurtarsın). Hələ bunun ardınca
(daha) dəhşətli bir əzab gələcəkdir!
[14:18]
Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı gülə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq
yoldan) azıb uzaqlaşmaq! (Doğru yoldan uzaq düşməyin aqibəti belədir. Bir də haqq yola
qayıtmaq çətindir!)
[14:19]
(Ya Rəsulum və ya ey mö'min insan!) Məgər Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsənmi? Əgər (Allah) istəsə, sizi yox edib
yerinizə başqa bir məxluq (insan
tayfası) gətirər.
[14:20]
Bu Allah üçün heç də çətin deyildir!
[14:21]
(Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər (iman gətirməyə) təkəbbür göstərənlərə (öz
başçılarına) deyəcəklər: "Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?" Onlar belə cavab verəcəklər: "Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərərik. İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq (heç bir qurtuluş)
yoxdur!
[14:22]
İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzzəmət edən kafirlərə) belə deyəcək: "Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru və'd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) və'd
vermişdim, amma sonra və'dimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi
özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi.
Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa)
çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü
qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin
məni (Allaha) şərik
qoşmağınızı da inkar etmişdim (qə'bul etməmişdim). Həqiqətən, zalımları
şiddətli bir əzab gözləyir!
[14:23]
İman gətirib yaxşı işlər görənlər isə (ağacları)
altından çaylar axan cənnətlərə daxil ediləcəklər. Onlar Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada bir-birinə (yaxud
Allahın, mələklərin onlara) günaydınlıq verməsi: "Salam!" (demək) olacaqdır!
[14:24]
Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir.
[14:25]
O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar!
(Ağacın kökü yerdə, budaqları
göydə olduğu kimi,
mö'minin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab
qazandırır).
[14:26]
Pis söz isə yerdən qopardılmış,
kökü olmayan pis bir ağaca bənzəyir.
[14:27]
Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!
[14:28]
(Ya Rəsulum!) Məgər Allahın ne'mətini küfrə dəyişənləri (Allaha nankor olan
Qüreyş kafirlərini) və ümmətini ölüm yurduna
sövq edənləri görmürsənmi?
[14:29]
Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!
[14:30]
Onlar (xalqı) Allah yolundan döndərmək üçün Ona (özlərindən uydurub cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum! Onlara) belə de: "Hələ ki, (dünyada bir qədər) əylənib keg çəkin. Axırda məskəniniz atəş (Cəhənnəm) olacaqdır!"
[14:31]
İman gətirən bəndələrimə de: "(Vaxtlı-vaxtında, lazımınca) namaz
qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün olmayacağı (günahların
bağışlanması üçün
heç kəsdən fidyə alınmayacağı, dostluq xatirinə heç bir güzəşt edilməyəcəyi) gün (qiyamət günü) gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən (kasıblara,
ehtiyacı olanlara) gizli və aşkar xərcləsinlər.
[14:32]
Göyləri və yeri yaradan, göydən yağmur
endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə
daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram edən Allahdır!
[14:33]
(Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur.
[14:34]
(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın ne'mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-ne'mət olar).
[14:35]
(Ya Rəsulum!)
Xatırla ki, bir zaman İbrahim belə demişdi:
"Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı
bütlərə tapınmaqdan
uzaq elə!
[14:36]
Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq
yoldan) azdırıblar. İndi
kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa,
(bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları)
bağışlayansan, (bəndələrinə) rəhm edənsən!
[14:37]
Ey Rəbbimiz! Mən əhli-əyalımdan bə'zisini (İsmaili
və anası Hacəri) Sənin Beytülhəramının (Kə'bənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar
(vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kə'bənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (ne'mətinə) şükür edə bilsinlər!
[14:38]
Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi (bütün gizli
və aşkar əməllərimizi) bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir
şey qalmaz!
[14:39]
İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş
etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir!
[14:40]
Ey Rəbbim! Məni də, nəslimdən olanları da
(vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz!
Duamı qəbul buyur!
[14:41]
Ey Rəbbim! Haqq-hesab
çəkilən gün (qiyamət günü) məni,
ata-anamı və mö'minləri
bağışla!"
[14:42]
(Ya Rəsulum!)
Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını
yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar;
[14:43]
Belə ki,
onlar başlarını yuxarı qaldırıb, durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də bomboşdur. (Urəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət yoxdur).
[14:44]
İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar:
"Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin də'vətini qəbul edər (iman gətirər) və peyğəmbərlərə tabe olarıq!" deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?!
[14:45]
Siz özlərinə zülm edənlərin yurdlarında da sakin
oldunuz, onların başına nələr gətirdiyimiz də sizə bəlli oldu. Ustəlik sizin üçün
(ibrətamiz) məsəllər də çəkdik.
[14:46]
(Kafirlər Peyğəmbərə və islam dininə qarşı bacardıqları qədər) hiylə qurdular. Onların hiyləsi Allah dərgahında mə'lumdur (və buna görə də cəzalarını da alacaqlar). Onların hiyləsi ilə dağlar (islam dini, onun hökmləri) yerindən oynayan deyildir! (Və ya onların
hiyləsi dağları yerindən oynatsa belə, yenə də Allahın dini
qarşısında acizdir!)
[14:47]
(Ya Rəsulum!)
Allahın peyğəmbərlərə verdiyi və'də xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam
sahibidir!
[14:48]
(Yadda saxla! Qiyamət günü) elə bir gündür ki,
Yer (yer kürəsi) başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (Yer dəyişib başqa cür yer, göylər də başqa cür
göylər olacaq; onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala
düşəcəklər) və onlar (bütün insanlar qəbirlərindən çıxıb haqq-hesab üçün) bir olan, (hər şeyə) qalib olan
Allahın hüzurunda duracaqlar!
[14:49]
O gün günahkarları qandallanmış
(zəncirlə bir-birinə bağlanmış)
görəcəksən!
[14:50]
Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir!
[14:51]
Allah hər kəsə (dünyada) etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!
[14:52]
Bu (Qur'an) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb
ibrət alsınlar!