PART 9

 

[7:88]

(Şüeyb) tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü ə'yanları: "Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!" - dedilər. (Şüeyb) belə cavab verdi: "(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)?

[7:89]

Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu e'tiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (?z əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül emişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!"

[7:90]

(Şüeyb) tayfasının kafir ə'yanları (tabeliyində olanlara) dedilər: "Əgər (dininizi atıb) Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!"

[7:91]

Elə bu zaman onları dəətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).

[7:92]

Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (ne'mət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.

[7:93]

(Şüeyb) onlardan üz döndərib dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?"

[7:94]

Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar!

[7:95]

Sonra sıxıntını (bəlanı, pisliyi) firəvanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar və dedilər: "Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi". Elə bu an onları özləri də bilmədən, qəflətən (əzabla) yaxaladıq.

[7:96]

Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.

[7:97]

Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?

[7:98]

Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?

[7:99]

Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-ne'mət içində yaşadıqları halda qəflətən onlara əzab gondərməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!

[7:100]

Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyətindən məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşıtməzdilər?

[7:101]

(Ya Rəsulum!) O məmləkətlərin bə'zi xəbərlərini (əhvalatlarını) sənə söylədik. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər (mö'cüzələr) gətirmişdilər. (Həmin məmləkətlərin əhalisi) əvvəlcə yalan hesab etdiklərinə (mö'cüzələrə, dəlillərə) yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyər.

[7:102]

Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini (Allahın itaətindən çıxmış, Onun əmrlərini pozmuş) günahkar kəslər gördük.

[7:103]

Onlardan sonra Musanı mö'cüzələrimizlə Fir'ona və onun ə'yanlarına (peyğəmbər) göndərdik. Onlar (həmin mö'cüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə oldu!

[7:104]

Musa dedi: "Ey Fir'on! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!

[7:105]

Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil (mö'cüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə bərabər (babalarının vətəni olan Şama) göndər!"

[7:106]

(Fir'on Musaya) dedi: "Əgər mö'cüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər!"

[7:107]

(Fir'on bunu deyən kimi) Musa əsasını (yerə atdı) və o, dərhal (hamının gözünə) aşkar görünən bir əjdaha oldu.

[7:108]

(Sonra) əlini (qoltuğunun altından və ya cibindən) çıxartdı və o, bir anda baxanlara nur kəsildi.

[7:109]

Fir'on tayfasının ə'yanları dedilər: "Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır.

[7:110]

O sizi yurdunuzdan çıxartmaq istəyir!" (Fir'on da: ) "Elə isə tədbiriniz nədir?" - (deyə soruşdu).

[7:111]

Onlar dedilər: "Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki,

[7:112]

Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!"

[7:113]

Sehrbazlar Fir'onun yanına gəlib dedilər: "Əgər biz (Musaya) üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!"

[7:114]

(Fir'on: )"Bəli şübhəsiz ki, siz (mənə) ən yaxın adamlardan olacaqsınız!" - deyə cavab verdi.

[7:115]

Sehrbazlar dedilər: "Ya Musa! Ya sən (əvvəlcə əsanı yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!"

[7:116]

(Musa: ) "Siz atın" - dedi. Onlar (əllərindəkiləri və əsaları yerə) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər.

[7:117]

Biz də Musaya: "Əsanı tulla!" - deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur.

[7:118]

Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu.

[7:119]

(Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.

[7:120]

Onlar (hamı birlikdə) səcdəyə qapanıb

[7:121]

Dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə -

[7:122]

Musanın və Harunun Rəbbinə!"

[7:123]

Fir'on (onlara) dedi: "Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?" Bu (sizin Musa ilə birlikdə gördüyünüz işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri qovub Misiri ələ keçirmək) məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!

[7:124]

Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!"

[7:125]

(Sehrbazlar) belə cavab verdilər: "Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)

[7:126]

Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin mö'cüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!"

[7:127]

Fir'on tayfasının ə'yan-əşrafı dedi: "Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?" (Fir'on onlara) belə cavab verdi: "Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi yenə əlimizin altında olacaqlar!)"

[7:128]

Musa öz tayfasına: "Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!" - dedi.

[7:129]

(Musaya iman gətirənlər) dedilər: "Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!" (Musa onlara belə) cavab verdi: "Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə (özünüzü necə apardığınıza) baxacaq!"

[7:130]

Biz Fir'on əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına mə'ruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!

[7:131]

Onlara bolluq qismət olduğu zaman: "Bu bizim (haqqımızdır)!" - deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!

[7:132]

(Fir'on adamları Musaya) dedilər: "Sən bizi ovsunlamaq üçün nə mö'cüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!"

[7:133]

Biz ayrı-ayrı mö'cüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.

[7:134]

Onlara əzab gəldikdə dedilər: "Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik".

[7:135]

Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) pozdular.

[7:136]

Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara e'tinasız yanaşdıqları) üçün (Fir'on əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.

[7:137]

Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (və'dlər) tam yerinə yetdi. Fir'onun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kaşanələri) isə viran qoyduq.

[7:138]

Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!" (Musa belə) cavab verdi: "Siz, doğrudan da, cahil bir tayfasınız!

[7:139]

Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!"

[7:140]

(Musa yenə) dedi: "Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!"

[7:141]

(Ey İsrail övladı!) Yadınıza salın ki, sizi Fir'on əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.

[7:142]

Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə və'dələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) tə'yin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: "Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!"

[7:143]

Musa tə'yin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) "Ey Rəbbim! ?zünü (camalını) mənə göstər. Sənə baxım!" - dedi. Allah: "Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən", - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!" - dedi.

[7:144]

(Allah) belə buyurdu: "Ya Musa! Mən ?z risalətlərimdə (Tövratın lövhələrini nazil etməklə) və (səninlə arada heç bir vasitə olmadan) danışmağımla (dövründəki bütün) insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və (bu ne'mətlərə görə) şükür edənlərdən ol!"

[7:145]

Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyurduq: ) "Bundn möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı çox olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axirətdə) sizə fasiqlərin yurdunu (Cəhənnəmi) göstərəcəyəm!

[7:146]

Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə mö'cüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.

[7:147]

Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin (bütün) əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!"

[7:148]

(Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona (buzova) tapınıb (özlərinə) zülm eləyən oldular.

[7:149]

Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox mə'yus olub) dedilər: "Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!"

[7:150]

Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: "Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləşdirməkmi istədiniz?" (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: "Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!"

[7:151]

(Musa) dedi: "Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi ?z mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!"

[7:152]

Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq!

[7:153]

Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra (onları) bağışlayandır, rəhm edəndir!

[7:154]

Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: "Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!" - (deyə yazılmışdı).

[7:155]

Musa Bizim (Sina dağında) tə'yin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mö'təbər) adam seçmişdi. Onları sarsıntı yaxalayanda (ildırım vuranda Musa) dedi: "Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) istədiyini zəlalətə düçar edər, istədiyini doğra yola salarsan. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan!

[7:156]

Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək). Sənə tərəf (hüzuruna) döndük!" (Allah) buyurdu: "İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlədə, ayələrimizə iman gətirənlərə yazacağam!

[7:157]

O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne'mətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Qur'anın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!"

[7:158]

(Ya Rəsulum!) De: "Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!"

[7:159]

Musa ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər.

[7:160]

Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: "Əsanı daşa vur!" - deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: "Sizə ruzi olaraq verdiyimiz pak ne'mətlərdən yeyin!" dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər!

[7:161]

(Ya Rəsulum!) Yadına sal ki, o zaman onlara (yəhudilərə) belə deyilmişdi: "Bu şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin, "hittə" ("bizi bağışla") deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını artıracağıq!"

[7:162]

Lakin (İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik.

[7:163]

(Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün üçün) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik.

[7:164]

Onlardan (dəniz kənarındakı qəsəbədə yaşayan İsrail oğullarından) bir dəstə: "Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?" - dediyi zaman, (nəsihət verənlər) onlara cavab olaraq: "(İnsanları yaxşı işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə çıxarıb) pis əməllərdən çəkinsinlər!" - dedilər.

[7:165]

Onlar (balıq ovlayanlar) özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları) pislikdən çəkindirinlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah içlədikləri üçün şiddətli bir əzabla məhv etdik.

[7:166]

Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt onlara: "Həqir (zəlil) meymunlar olun!" - deyə əmr etdik.

[7:167]

(Ey Rəsulum!) O zaman Rəbbin onlara (yəhudilərə) qiyamət gününədək şiddətli əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin (günahkarlara) tezliklə əzab verəndir. Sözsüz ki, O, həm də (tövbəkarları) bağışlayandır, rəhm edəndir!

[7:168]

(Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər.

[7:169]

Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: "Biz (Allah tərəfindən) bağışlanacağıq!" Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada (kitabda) olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

[7:170]

Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!

[7:171]

Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların (İsrail oğullarının) başı üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: "Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, orada olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!" - demişdik.

[7:172]

(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!" - deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: "Biz bundan qafil idik";

[7:173]

Və ya: "Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bis də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər biz batilə uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?" - deməməniz üçündür.

[7:174]

Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr!

[7:175]

(Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu

[7:176]

Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!

[7:177]

Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir!

[7:178]

Allahın doğru yola yönəltdiyi kimsə kimsə doğru yoldadır. Onun (haqq yolundan) sapdırdığı kimsələr isə ziyana uğrayanlardır.

[7:179]

Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö'cüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!

[7:180]

Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!

[7:181]

Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər.

[7:182]

Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!

[7:183]

Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da (naz-ne'mət içində yaşadıqları halda gözlənilmədən onları əzabla yaxalamağım da), sözsüz ki, çox ağırdır!

[7:184]

Məgər (islamı qəbul etməli olan kəslər) düşünmürlərmi ki, onların yoldaşında (Peyğəmbərdə) hər bir cünunluq (dəlilik) əsər-əlaməti yoxdur? O ancaq (kafirlərə Allahın əzabı gələcəyini) açıq-aydın xəbər verib qorxudandır!

[7:185]

Məgər onlar göylərin və yerin mülkünə (Allahın göylərdəki və yerdəki səltənətinə, qüdrətinə), Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq buna (bu Qur'ana) inanmadıqdan sonra hansı kəlama inanacaqlar?

[7:186]

Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!

[7:187]

(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: "O ancaq Rəbbimə mə'lumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!" Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: "O ancaq Allah dərgahında mə'lumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!"

[7:188]

De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!"

[7:189]

Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: "Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu ne'mətə görə Sənə) şükür edənlərdən olarıq!" - dedi.

[7:190]

Allah onlara saleh övlad verdikdə (Adəm və Həvvadan qeyri valideynlər) özlərinə verdiyi (uşağın adı) ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır! (Onun heç bir şəriki yoxdur!)

[7:191]

Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı (bütlərimi Allaha) şərik qoşarlar?

[7:192]

Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər!

[7:193]

Siz onları (müşrikləri və ya bütləri) doğru yola də'vət etsəniz, sizə tabe olmazlar. İstər onları də'vət edin, istər susun - birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur).

[7:194]

Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər.

[7:195]

Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: "Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!

[7:196]

Şübhəsiz ki, mənim hamim Kitabı (Qur'anı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!

[7:197]

Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!"

[7:198]

Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. (Ya Rəsulum!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!

[7:199]

Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!

[7:200]

Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!

[7:201]

Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar.

[7:202]

(Kafirlərin qardaşları olan şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da (o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər (və ya Şeytanların yaxalarından əl çəkməzlər).

[7:203]

(Ya Peyğəmbərim!) Sən onlara (Məkkə müşriklərinə) bir ayə gətirmədiyin zaman (sənə ayə nazil olmayanda): "Məgər sən onu öz tərəfindən uydurub düzəltməli deyildin? - deyə soruşarlar. De: "Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu (Qur'an, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir.

[7:204]

Qur'an oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!

[7:205]

Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!

[7:206]

Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şə'ninə tə'riflər deyər və ancaq Ona səcdəyə qapanarlar!

 

Al-Anfâl

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[8:1]

(Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: "Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) mö'minsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!

[8:2]

Mö'minlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.

[8:3]

(Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.

[8:4]

Onlar həqiqi mö'minlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!

[8:5]

(Qənimətlərin bölüşdürülməsi üsulundan bə'zilərinin narazı qalması) mö'minlərdən bir dəstənin (Bədr vuruşuna getmək) xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq (cihad) uğrunda öz evindən çıxartmasına bənzər! (Bə'zi mö'minlər müsəlmanların sayca az, qüvvətcə zəif olduqları üçün Bədr müharibəsinə getməyi Peyğəmbər əleyhissəlama məsləhət görməmiş, özləri də orada iştirak etmək istəməmişdilər. Lakin Peyğəmbər onların sözünə baxmayıb yaxın əshabələri ilə vuruşa yollanmış və düşməni məğlub edərək xeyli qənimət əldə etmişdi. Qənimətin bölünməsi haqqında cürbəcür təkliflər irəli sürülmüş, nəhayət Peyğəmbər bu barədə öz fikrini demişdi. Bu fikir əvvəlcə bə'zilərinin xoşuna gəlməmiş, sonra onun düzgünlüyü başa düşülüb hamılıqla qəbul edilmişdi. Beləliklə, hər iki halda - həm müharibəyə getməkdə, həm də qənimətlərin bölünməsi üsulunda Peyğəmbər əleyhissəlamın haqlı olduğu sübuta yetmişdi).

[8:6]

Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq (Bədr vuruşunun vacib olması) bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər.

[8:7]

O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını və'd edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə ?z sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.

[8:8]

(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (islamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi.

[8:9]

O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah: ) "Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!" - deyə duanızı qəbul buyurmuşdu.

[8:10]

Allah bu köməyi sizə yalnız sizin üçün bir müşdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

[8:11]

O vaxt (Bədr vuruşunda) ?z tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.

[8:12]

(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: "Mən də sizinləyəm. Mö'minlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!"

[8:13]

Bu onların Allaha və Onun Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha və Onun Peyğəmbərinə qarşı çıxsa, (bilsin ki) Allah (ona) şiddətli əzab verər.

[8:14]

Hələ ki, bunu (dünyadakı bu əzabı) dadın. Kafirləri üstəlik cəhənnəm əzabı da gozləyir.

[8:15]

Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!

[8:16]

(Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.

[8:17]

(Ey mö'minlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpar) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla mö'minləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir imtahandan keçirtdi. Allah (hər şeyi) eşidəndir, biləndir!

[8:18]

Bu (hadisələr) biq həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!

[8:19]

(Ey müşriklər!) Əgər siz (Kə'bənin örtüklərinə yapışıb dua edərək) qələbə istəyirsinizsə, artıq sizə zəfər (mö'minlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü) gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını, əzabını) dəf edə bilməz. Allah, həqiqətən, mö'minlərlədir!

[8:20]

Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Qur'anı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!

[8:21]

Eşitmədikləri (ürəkləri ilə təsdiq etmədikləri) halda (dilləri ilə): "Eşitdik!" deyənlər (münafiqlər) kimi olmayın!

[8:22]

Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır.

[8:23]

Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər.

[8:24]

Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) də'vət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin də'vətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!

[8:25]

Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!

[8:26]

(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!

[8:27]

Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və aranızdakı əmanətlərə xəyanət etməyin! (Allahın əmrlərinə, Peyğəmbərin şəriətinə, dini vəzifələrinizə və borclarınıza sadiq olun!)

[8:28]

Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!

[8:29]

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyül lütf (mərhəmət) sahibidir!

[8:30]

(Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!

[8:31]

Ayələrimiz onlara oxunduğu zaman: "Eşitdik: istəsək, biz də bunu bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!" - söyləyərlər.

[8:32]

Bir zaman da: "Ya Allah! Əgər bu (Qur'an) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!" - demişdilər.

[8:33]

Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!

[8:34]

Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) olmadıqları halda, (mö'minlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis əməllərdən (küfrdən, şirkdən, bütpərəstlikdən) çəkinənlərdir. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilməz!

[8:35]

Onlar Beytullahın (Kə'bənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!

[8:36]

Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək (islamı qəbul etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,

[8:37]

Allah (orada) murdarı (kafiri) pakdan (mö'mindən) ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!

[8:38]

(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və mö'minlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.

[8:39]

(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir).

[8:40]

Əgər onlar (sizdən) üz döndərsələr (sizinlə ədavətə son qoymasalar, iman gətirməkdən, itaət etməkdən boyun qaçırsalar), bilin ki, Allah sizin havadarınızdır. O ən gözəl havadar, ən yaxşı imdada çatandır!