Hûd
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[11:1]
Əlif, Lam, Ra! Bu, ayələri himət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da
müfəssəl izah edilmiş bir
Kitabdır ki,
[11:2]
Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən (Cəhənnəmlə) qorxudan və (Cənnətlə) müjdələyənəm.
[11:3]
Və Rəbbinizdən
bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı
gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını
ehsan buyursun. Əgər (imandan, mənim də'vətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram.
[11:4]
Siz məhz Allahın
hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!
[11:5]
Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək (küfrlərini, ikiüzlülüklərini Peyğəmbərdən və mö'minlərdən gizlətmək) məqsədilə ikiqat olarlar (sinələrini bükərlər). Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi (bütün gizli və aşkar əməllərini) bilir. Allah ürəklərdə olanları biləndir.
[11:6]
Yer üzündə yaşayan elə bir canlı
yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı)
sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır).
[11:7]
Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi
olacağını sınayıb
bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur.
(Ya Peyğəmbərim!) Əgər desən ki: "Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!", kafir
olanlar: "Bu, açıq-aşkar sehrdən (yalandan) başqa bir şey deyildir!" - deyə cavab verərlər.
[11:8]
Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq,
sözsüz ki, (istehza ilə): "Bu əzabı
gecikdirən (ona mane olan) nədir?" - deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər.
[11:9]
Əgər insana ?zümüzdən bir ne'mət (mərhəmət) daddırsaq, sonra da onu
geri alsaq, şübhəsiz ki, o, mə'yus (ümidsiz) və nankor olar.
[11:10]
Əgər başına gələn bir müsibətdən sonra, ona firavanlıq, səadət nəsib etsək, mütləq: "Artıq fəlakətlər məndən sovuşdu" - deyər və sözsüz ki,
sevinib öyünər.
[11:11]
Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları (günahlardan)
bağışlanma və böyük bir
mükafat gözləyir.
[11:12]
(Ya Rəsulum!)
Müşriklərin: "Heç olmasa, (Peyğəmbərliyinin
doğruluğunu təsdiq etmək üçün) ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!" - deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli (bə'zi ayələri dərhal təbliğ etməyib tə'xirə salmalı) olacaqsan və (bə'zən) buna görə ürəyin qısılacaq! Sən ancaq (müşrikləri və kafirləri Allahın əzabı ilə) qorxudan bir
peyğəmbərsən. Allah isə hər şeyə vəkildir!
[11:13]
Yoxsa (müşriklər): "Onu (Qur'anı)
özündən uydurdu!" - deyirlər. (Onlara) de: "Əgər doğru deyirsinizsə, onun kimi
özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da
köməyə çağırın.
[11:14]
Yox, əgər (köməyə
çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil
olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur! (Bütün bunlardan sonra) islamı qəbul etməzmisiniz?
[11:15]
Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayış) elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. (Dünyada
yaxşı işlər görüb
e'tiqadı olmayan şəxsə axirətdə dünyəvi əməlləri heç bir fayda verməz. Cünki Allah ona
dünyadakı yaxşı əməllərinin əvəzini elə dünyanın özündə verər).
[11:16]
Belələrini axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!
[11:17]
Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir
şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhmət olan kitabının
(Tövratın) təsdiq etdiyi kimsə (dünyaya meyl edənlər, ona bel bağlayanlar
kimi ola bilərmi)?! Bunlar (bu dəlilləri təsdiq edən müsəlmanlar) Qur'ana inanırlar. (Ya Rəsulum!) Qur'anı inkar edən zümrənin (bütün müşriklərin və kafirlərin) və'd olunduğu yer Cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən (gələn) haqdır, lakin insanların (Məkkə əhlinin) əksəriyyəti (buna) inanmaz!
[11:18]
Allaha iftira yaxandan (öz sözünü
yalandan Allaha aid edəndən) daha zalım kim ola
bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz
bədəninin üzvləri) belə deyərlər: "Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!" Bilin ki,
zalımlar Allahın lə'nətinə gələcəklər!
[11:19]
O kəslər ki, (insanları) Allah yolundan döndərir, onu (yolu) əymək istəyirlər - onlar, məhz onlar axirəti inkar edənlərdir.
[11:20]
Onlar yer üzündə (Allahı) aciz qoya (Allahın əzabından qaçıb canlarını qurtara) bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də (əzabdan xilas etməyə qadir olan da) yoxdur.
Onları ikiqat əzab gözləyir. Onlar (haqqı)
eşidə bilməz və (onu) görməzlər!
[11:21]
Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər də onlardan uzaqlaşıb qeyb olacaqlar.
[11:22]
Şübhəsiz ki, axirətdə də ən çox ziyana uğrayanlar
onlardır!
[11:23]
İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!
[11:24]
Bu iki tayfanın (kafirlərin və mö'minlərin) vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız?
[11:25]
Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi:
"Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
[11:26]
Allahdan başqasına ibadət etməyin. Mən (cəzası) şiddətli (ağrılı-acılı) günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"
[11:27]
(Nuh) tayfasının kafir ə'yan-əşrafı dedilər: "Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.) sənə uyduğunu görürük.
Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!"
[11:28]
(Nuh) dedi: "Ey camaatım! Bir deyin
görək. Əgər mən Rəbbimdən açıq-aydın bir
dəlilə (mö'cüzəyə) istinad etsəm, Rəbbim mənə ?zündən bir mərhəmət (peyğəmbərlik) bəxş etsə və o sizə gizli qalsa (sizin bəsirətsiz gözünüz onu
görməyə qadir olmasa), istəmədiyiniz halda, biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?!
[11:29]
Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq
Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar (qiyamət günü) öz Rəbbi ilə
qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa
görürəm!
[11:30]
Ey camaatım! Əgər mən onları qovsam, (bu hərəkətimə görə) məni Allahın əzabından kim qurtara
bilər? Məgər (səhv etdiyinizi)
düşünmürsünüz?
[11:31]
Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor
baxdığınız kəslərə (iman gətirən yoxsullara) Allahın heç
bir xeyir verməyəcəyini də demirəm. Onların ürələrində olanı (hamıdan
yaxşı) Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), onda şübhəsiz ki, zalımlardan
olaram!"
[11:32]
Onlar dedilər: "Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru
danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!"
[11:33]
(Nuh) belə cavab verdi:
"Onu istəsə, ancaq Allah sizə gətirər və siz əsla Allahı aciz buraxa (Allahın əzabından qaçıb canınızı qurtara) bilməzsiniz.
[11:34]
Əgər Allah sizi (haqq
yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz.
O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!"
[11:35]
Yoxsa (Məkkə müşrikləri): "O (Muhəmməd) onu (Qur'anı və ya Nuha dair xəbərləri) özündən uydurdu!" - deyirlər. Onlara belə cavab ver: "Əgər mən onu özümdən uydururamsa,
günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!"
[11:36]
Nuha belə vəhy olundu: "Əvvəlcə iman gətirənlədrən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə! (Biz tezliklə onları məhv edər, səni kafirlərin zülmündən qurtararıq!)
[11:37]
Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə (onların
bağışlanmalarını Məndən xahiş etmə). Cünki onlar suda
boğulacaqlar!"
[11:38]
(Nuh) gəmini düzəldir, ümmətinin ə'yan-əşrafı isə yanından
ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: "Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq.
[11:39]
Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!"
[11:40]
Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin
qazanından su qaynayıb daşdığı) zaman (Nuha) dedik: "Hər heyvandan biri
erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş
şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!" Əslində onunla birlikdə
(tayfasından) çox az adam iman gətirmişdi.
[11:41]
Nuh dedi: "Gəmiyə minin! Onun (üzüb) getməsi də, dayanması da
Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!"
[11:42]
Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu (Kən'anı) haraylayıb dedi: "Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!"
[11:43]
(Oğlu ona) belə cavab verdi: "Mən bir dağa sığınaram, o da məni sudan qoruyar". Nuh
dedi: "Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!" Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda
boğulanlardan oldu.
[11:44]
(Allahdan bir əmr olaraq: )
"Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla
(açıl)!" - deyildi. Su çəkildi.
İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: "Zalımlar məhv (Allahın
mərhəmətindən uzaq) olsun!" - deyildi.
[11:45]
Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi:
"Ey Rəbbim! Oğlum (Kən'an) mənim ailə üzvlərimdəndir. Sənin və'din, sözsüz ki,
haqdır. Sən hakimlərin hakimisən!"
[11:46]
(Allah) buyurdu: "Ey Nuh! O sənin ailəndən deyildir. Cünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)".
[11:47]
(Nuh) dedi: "Ey Rəbbim! Bilmədiyim bir
şeyi Səndən istəməkdən (belə bir işə cür'ət etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan
olaram!"
[11:48]
(Sonra) belə deyildi: "Ey Nuh! Sənə və səninlə birlikdə (gəmidə) olan camaatdan törənəcək (mö'min) ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə (gəmidən) en. (Gələcəkdə sizin nəsildən olub küfr edəcək) bə'zi ümmətlərə də (dünyada)
dolanışıq verəcək, sonra isə (axirətdə) onları şiddətli bir əzaba düçar edəcəyik!"
[11:49]
Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya
Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!
[11:50]
Ad tayfasına da qardaşları Hudu
(peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxudr.
Siz isə (Allaha şərik qoşmaqla) yalnız iftiraçısınız!
[11:51]
Ey camaatım! Mən buna (peyğəmbərliyi təbliğ etməyə) görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım
yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?
[11:52]
Ey camaatım! Rəbbinizdən
bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki,
göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim də'vətimdən və imandan) günahkar olaraq üz
çevirməyin!"
[11:53]
Onlar da dedilər: "Ey Hud! Sən bizə açıq-aşkar bir
mö'cüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!
[11:54]
Biz ancaq bunu deyirik ki, bə'zi tanrılarımız (onlara
tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona
görə də ağzına gələni
danışırsan)". (Hud) belə cavab verdi:
"Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam!
[11:55]
Bircə Ondan
(Allahdan) başqa! (Yalnız Ona ibadət edirəm). İndi
hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!
[11:56]
Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! (Ədalət sahibidir. Hər kəsin cəzasını öz əməli müqabilində verir. Heç kəsin
haqqını tapdalayıb mükafatını azaltmır.
Mö'minə Cənnət, kafirə isə Cəhənnəm qismət edir).
[11:57]
Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən (Allahın mənə lütf etdiyi
peyğəmbərliyi, buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz (Ona) heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!"
[11:58]
(Hud tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq!
[11:59]
Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə qarşı çıxdılar (peyğəmbərlərin hamısı tövhid, təkallahlılıq təblig etdiklərinə görə bir peyğəmbərə qarşı çıxan kimsə bütün peyğəmbərlərə qarşı çıxmış olur),
başlarının üstündə duran hər bir inadkar böyüyün
əmrinə tabe oldular.
[11:60]
Və, beləliklə, dünyada da, qiyamət günündə də lə'nətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi.
Xəbəriniz olsun ki, Hudun
tayfası Ad (Allahın mərhəmətindən) kənar (uzaq) oldu. (Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri Hudun tayfası Ad, digəri isə Adul-İrəmdir ki, ona Zatul-İmad da deyilir. Onları bir-birindən fərqləndirmək üçün burada birinci Ad qəbiləsi Hud qövmü adlandırılır).
[11:61]
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur.
O sizi (atanız Adəmi) yerdən (torpaqdan)
yaradıb orada sakin etdi (və ya uzun ömür verdi). (Allahdan)
bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (?z elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!"
[11:62]
Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin.
İndi atalarımızın ibadət etdiyinə (bütlərə, tanrılara) ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri də'vət etdiyin (tövhid) barədə şəkk-şübhə içindəyik".
[11:63]
(Saleh onlara) belə cavab verdi:
"Ey camaatım! Bir deyin görək. Əgər mənim Rəbbimdən aşkar bir mö'cüzə olsa, O mənə ?zündən bir mərhəmət (peyğəmbərlik) lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim
qurtara bilər? Siz mənə ziyandan başqa bir şey
artırmayacaqsınız!
[11:64]
Ey camaatım! Allahın bu dişi
(maya) dəvəsi sizin üçün bir mö'cüzədir. Qoyun Allahın
torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar
olarsınız!"
[11:65]
Onlar (dəvəni) tutub (ayaqlarından)
kəsdilər. (Saleh də onlara) dedi:
"Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir və'ddir (sözdür) ki, yalan
çıxmaz!"
[11:66]
(Saleh tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün
rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbin yenilməz qüdrət sahibi, qüvvət sahibidir!
[11:67]
O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə
çöküb qaldılar (bir göz qırpımında həlak oldular).
[11:68]
Sanki onlar heç
yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar
etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası
(Allahın mərhəmətindən) kənar (uzaq) oldu!
[11:69]
Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini) gətirib: "Salam!" - dedilər. (İbrahim də: ) "Salam!" - deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi.
[11:70]
(İbrahim qonaqların) əllərinin yeməyə
uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar
dedilər: "Qorxma (biz
Allahın mələkləriyik), biz Lut
tayfasına (onu məhv etmək üçün) göndərilmişik!"
[11:71]
(İbrahimin) arvadı (Sara pərdə arxasında)
durmuşdu (və ya qonaqlara qulluq edirdi).
O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yə'qubla (İshaqın, ondan sonra Yə'qubun dünyaya gələcəyi ilə) müjdələdik.
[11:72]
(İbrahimin arvadı) dedi: "Vay
halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!"
[11:73]
(Mələklər ona) dedilər: "Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah tə'riflənib şükür olunmağa,
öyülüb mədh edilməyə layiqdir!" (Allahın bütün işləri bəyənilmişdir. O, tükənməz və əvəzsiz ne'mət, ehsan və kərəm sahibidir!)
[11:74]
İbrahimin qorxusu çəkildikdə və ona (İshaqın doğulacağı haqqında)
müjdə gəldikdə Lut tayfası barəsində Bizimlə (mələklərimizlə) mübahisə etməyə başladı. (Əzabın onlardan dəf edilməsini istədi).
[11:75]
Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş
bir zat idi. (İbrahimin mələklərlə mübahisəsi onun bu yüksək keyfiyyətlərindən irəli gəlirdi).
[11:76]
(Mələklər dedilər: ) "Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək, Rəbbinin əmri artıq gəlmişdir.
Onlara mütləq
qarşısıalınmaz bir əzab gələcəkdir.
[11:77]
Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu
gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi
sıxıldı və: "Bu, çox çətin (başabəlalı) bir
gündür!" - dedi.
[11:78]
Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına
gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: "Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin
qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar
(nikah baxımından)
sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların
yanında rüsvay etməyin. Məgər aranızda (sizə
yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?"
[11:79]
Onlar dedilər: "Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız)
olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!"
[11:80]
(Lut) dedi: "Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı,
yaxud möhkəm bir arxaya söykənəydim (alınmaz bir qalaya və ya güclü bir qəbiləyə pənah apara biləydim)!"
[11:81]
(Mələklər) dedilər: "Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir
vaxtında ailənlə birlikdə çıx get.
Heç kəs dönüb geri
baxmasın. Təkcə övrətin
istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?"
[11:82]
(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş
(bir-birinə bitişik) bərk daşlar yağdırdıq.
[11:83]
Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə adı
yazılmışdı). (Ya Rəsulum!) O (daşlar sənin ümmətin içərisində olan) zalımlardan də uzaq deyildir! (Əgər şirkdən və küfrdən tövbə edib əl çəkməsələr, onların da
başına yağar).
[11:84]
Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi:
"Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. ?lçünü
və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda)
görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından
qorxuram!
[11:85]
Ey qövmüm! ?lçüdə və çəkidə düz (ədalətli) olun.
İnsanların heç bir şeydə haqqını əskiltməyin (adamların mallarının dəyərini aşağı
salmayın, hər kəsin haqqı nə isə, onu da verin). Yer üzündə gəzib fitnə-fəsad törətməyin!
[11:86]
Əgər mö'minsinizsə, (bilin ki,
ölçüdə və çəkidə düz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir.
Mən də sizə nəzarətçi deyiləm!"
[11:87]
Onlar (istehza ilə) dedilər: "Ey Şüeyb! Atalarımızın
tapındığı bütləri tərk etməyimizi,
mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı (dininmi) əmr edir? Sən doğrudan
da, həlim xasiyyətlisən, çox
ağıllısan!"
[11:88]
(Şüeyb onlara) belə cavab verdi:
"Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir mö'cüzə ilə gəlsəm və Rəbbim mənə ?z dərgahından gözəl (halal) bir ruzi versə (mən ona haram qatarammı)? (Və ya mən öz Rəbbimə asi ola bilərəmmi?) Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın
köməyilədir. Mən yalnız Ona
təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!
[11:89]
Ey qövmüm! Mənə qarşı olan ədavətiniz (qorxun ki) Nuh
tayfasının, Hud camaatının və Saleh qövmünün başına gələnləri sizin də
başınıza gətirməsin. Lut tayfası da
sizdən uzaq deyildir! (Mənə qarşı düşmənçilik etsəniz, onların
başına gələn müsibətlər, sizin də başınıza gələr).
[11:90]
Rəbbinizdən
bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!"
[11:91]
Onlar dedilər: "Ey Şüeyb!
Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!"
[11:92]
(Şüeyb) dedi: "Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub
saymırsınız? Həqiqətən, Rəbbim (elmi ilə) nə etdiklərinizi biləndir!
[11:93]
Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin
yalançı olduğunu biləcəksiniz. (Əzabı)
gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!"
[11:94]
(Şüeyb tayfasının məhvi barəsində) əmriniz gəldikdə ?zümüzdən bir mərhəmət olmaqla, Şüeybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli (tükürpədici) bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında məhv oldular).
[11:95]
Sanki onlar heç
yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi
(Allahın rəhmətindən) uzaq (kənar) oldu!
[11:96]
Biz Musanı da mö'cüzələrimizlə və açıq-aşkar bir (dəlillə) peyğəmbər göndərdik -
[11:97]
Fir'ona və onun ə'yan-əşrafında. Onlar Fir'onun əmrinə tabe oldular. Halbuki Fir'onun əmri düzgün
deyildi.
[11:98]
(Fir'on) qiyamət günü camaatının qabağında gedib onları
atəşə (Cəhənnəmə) aparacaq; Onların düşəcəkləri yer necə də pisdir!
[11:99]
Onlar burada (dünyada) da, qiyamətdə (axirətdə) də lə'nətə düçar olmuşlar. Onların qisməti necə də pisdir!
[11:100]
Bu, (məhv omuş) məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bə'zisindən əsər-əlamət qalmış, bə'zisi isə yerlə yeksan olmuşdur.
[11:101]
Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar
Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi (əsla əzabdan xilas edə bilmədi), əksinə, yalnız
ziyanlarını artırdı.
[11:102]
Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır,
şıddətlidir!
[11:103]
Bütün bu deyilənlərdə axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının
şahid olacağı bir
gündür.
[11:104]
Biz onu yalnız müəyyən bir müddət üçün tə'xirə salmışıq.
[11:105]
(Qiyamət) gəldiyi gün (Allahın) izni
olmadan heç kəs danışa bilməz. (O gün) insanların
bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır!
[11:106]
Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onların orada ah-fəryad gözləyir.
[11:107]
Rəbbinin istədiyi (tövhid və iman əhli) istisna
olmaqla, onlar orada əbədi-göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Günahkar mö'minlər kafirlərdən fərqli olaraq bir müddət Cəhənnəmdə qalıb günahları təmizlənəndən sonra Allahın iznilə Cənnətə daxil ediləcəklər).
[11:108]
Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən (bə'zi kamil mö'minlərin daha yüksək mərtəbələrə - ərşi-ə'laya qalxması, bir müddət Cəhənnəmdə əylənməsi və Allahın izni ilə onlara günahkarlardan ötrü şəfaət etmək şərəfi nəsib olmasından) əlavə, tükənməz bir ne'mət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar.
[11:109]
Elə isə bunların (bütpərəstlərin)
tapındıqlarının (bütlərin) batil olmasına
şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər. Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik!
[11:110]
Biz Musaya kitab (Tövrat) verdik və onun (Qur'anın) barəsində də ixtilaf düşdü (yəhudilərin bə'zisi isə inanmadı). Əgər Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (cəza qiyamətə saxlanılmasaydı), şübhəsiz ki, (hələ dünyada ikən) işləri bitmişdi.
(Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər və ya Məkkə müşrikləri) onun
(Qur'anın) barəsində də şəkk-şübhədədirlər!
[11:111]
Rəbbin, şübhəsiz ki,
onların hamısına əməllərinin cəzasını verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır!
[11:112]
(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar.
(Allahın əmrlərini pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!
[11:113]
Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç bir)
kömək olunmaz!
[11:114]
(Ya Rəsulum!)
Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yə'ni səhər, günorta və gün batan
çağı və ya günün iki başında, yə'ni səhər-axşam) və gecənin (gündüzə yaxın) bə'zi
saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik
günahları) yuyub aparar. Bu,
(Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).
[11:115]
(Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Allah yaxşı işlər görənlərin mükafatını zay
etməz!
[11:116]
Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. (Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara
yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş ne'mətə (dünyanın ləzzətinə) uydular və günahkar oldular.
[11:117]
Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv etməz!
[11:118]
Əgər Rəbbin, istəsəydi bütün insanları
(eyni dində olan) tək bir ümmət edərdi. Onlar (yəhudi, xaçpərəst, atəşpərəst və i. a. olmaqla dinləri barəsində) hələ də ixtilafdadırlar.
[11:119]
Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün (belə bir ixtilafa düşdüklərinə görə xoşbəxt və bədbəxt, mö'min və kafir, cənnət və cəhənnəm əhli) yaratmışdır. (Allah insanların dində ixtilafda olub-olmayacaqlarını, özlərini necə
aparacaqlarını əzəldən bildiyi üçün onların bütün gələcək işlərini və hərəkətlərini öz qüdrət qələmi ilə lövhi-məhfuzda yazmışdır). Artıq Rəbbinin (mələklərə dediyi): "Mən Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!" - sözü tamamilə yerinə yetdi!
[11:120]
(Ya Rəsulum!) Biz
peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa,
(hamısını) sənə nağıl
edirik. Bu (surə) sənə haqq, mö'minlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!
[11:121]
İman gətirməyənlərə de: "Siz etdiyinizi
(bacardığınızı) edin, biz də etdiyimizi edəcəyik!
[11:122]
Və (düçar
olacağınız əzabı)
gözləyin. Biz də gözləyirik!"
[11:123]
Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun
elmindədir). Bütün işlər də axırda Ona
(Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!