Ash-Shuarâ
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[26:1]
Ta, Sin, Mim!
[26:2]
Bunlar (haqqı batildən ayıran, mö'cüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir.
[26:3]
(Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (?zünü həlakmı edəcəksən?)
[26:4]
Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.
[26:5]
Onlara Rəhmandan (rəhmli olan
Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.
[26:6]
Onlar (Qur'anı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Qur'anın
müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün mə'yus olacaqlar).
[26:7]
Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi?
[26:8]
Şübhəsiz ki, bunda (Qur'anı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin
onların əksəriyyəti iman gətirməzlər.
[26:9]
Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
[26:10]
(Ya Rəsulum!)
Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu:
"Get o zalım tayfanın yanına -
[26:11]
Fir'on tayfasının yanına (və onlara de ki, Məni qoyub
başqalarına ibadət etməkdən, İsrail övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?"
[26:12]
(Musa) dedi: "Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram!
[26:13]
Urəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!)
[26:14]
(Bir qibtini öldürdüyümə görə) onların
qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram".
[26:15]
(Allah) buyurdu: "Xeyr! (Fir'on səni əsla öldürə bilməz!) Hər ikiniz mö'cüzələrinizlə (Fir'onun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Fir'on
tayfasının nə dediyini)
eşidəcəyik!
[26:16]
Fir'onun yanına gedib belə deyin: "Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik!
[26:17]
İsrail oğullarını bizimlə birlikdə (Şama)
göndər!" (onlara əzab-əziyyət vermə!)
[26:18]
(Musa Harunla Fir'onun yanına gedib bu
sözləri deyəndən sonra Fir'on onu
tanıyıb) dedi: "Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə
yanımızda qalmadınmı?
[26:19]
Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!"
[26:20]
(Musa) dedi: "Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş edilməmiş,
Tövrat nazil olmamışdı).
[26:21]
Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.
[26:22]
Boynuma minnət qoyduğun bu ne'mət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail
övladını kölə etdiyin halda, məni öz yanına
alıb böyütdüyünü başımamı qaxırsan?)"
[26:23]
Fir'on dedi: "Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)"
[26:24]
(Musa: ) "Əgər yəqin inanacaqsınızsa,
(bilin ki) O, göylərin, yerin və onlar arasında
olanların (bütün məxluqatın) Rəbbidir!" - deyə cavab verdi.
[26:25]
(Fir'on) ətrafındakılara:
"Eşitdinizmi?" - dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab
verir).
[26:26]
(Musa) dedi: "O sizin də, ulu babalarınızın (keçmiş
atalarınızın) da Rəbbidir!"
[26:27]
(Fir'on ətrafındakılara: )
"Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!" - dedi.
[26:28]
(Musa) dedi: "Əgər
(ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın
ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!"
[26:29]
(Fir'on: ) "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!" - dedi.
[26:30]
(Musa) dedi: "Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?"
[26:31]
(Fir'on) "Əgər doğru deyirsənsə, di onu gətir!" - dedi.
[26:32]
(Musa) əsasını (yerə) atan kimi, o dərhal
açıq-aşkar bir əjdaha oldu.
[26:33]
Sonra əlini
(qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o,
baxanlara ağappaq göründü
(parlar bir nur kəsildi).
[26:34]
(Fir'on) ətrafındakılara dedi: "Şübhəsiz ki, bu, çox
bilikli bir sehrbazdır!
[26:35]
O öz sehri ilə sizi (qorxudub) yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz? (Nə edək?)"
[26:36]
Onlar dedilər: "Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar
(yığanlar) göndər ki,
[26:37]
Bütün bilikli (bacarıqlı)
sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!"
[26:38]
Nəhayət, sehrbazlar mə'lum bir günün müəyyən vaxtında (bayram günü günorta çağı) yığıldılar.
[26:39]
(Fir'onun xidmətçiləri tərəfindən camaata) deyildi: "Siz
də yığılırsınızmı?
[26:40]
Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!"
[26:41]
Sehrbazlar gələn kimi Fir'ona dedilər: "Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?"
[26:42]
(Fir'on) dedi: "Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar
olacaqsınız!"
[26:43]
Musa onlara dedi: "(Sehr alətlərinizdən yerə) nə atacaqsınız,
atın!"
[26:44]
Onlar iplərini və əsalarını yerə atıb: "Fir'onun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!" - dedilər.
[26:45]
Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların
hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.
[26:46]
Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar.
[26:47]
Və dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə!
[26:48]
Musanın və Harunun Rəbbinə!"
[26:49]
(Fir'on) dedi: "Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə
olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı
çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!"
[26:50]
(İman gətirmiş sehrbazlar) dedilər: "Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın hüzuruna) dönəcəyik!
[26:51]
Biz (sənə tabe olan, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!"
[26:52]
(Sonra) Musaya belə vəhy etdik: "Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fir'onun ordusu tərəfindən) tə'qib ediləcəksiniz!"
[26:53]
Fir'on şəhərlərə (əsgər) yığanlar göndərdi.
[26:54]
(O, belə deyirdi: ) "Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır!
[26:55]
Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail
oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər).
[26:56]
Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud
ayıq-sayıq, işimizi bilən) bir
camaatıq!"
[26:57]
Nəhayət, Biz onları (Fir'onu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq.
[26:58]
Xəzinələrdən və (Nil ətrafındakı)
gözəl (bərəkət dolu) yerdən kənar etdik.
[26:59]
(O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.
[26:60]
(Fir'on və əsgərləri) günəş doğduqda onların (İsrail
oğullarının)
arxasınca düşdülər.
[26:61]
İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın
camaatı dedi: "(İşimiz
bitdi!) Artıq yaxalandıq!"
[26:62]
(Musa) dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!"
[26:63]
Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" (Musa əsasını
dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının
soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.
[26:64]
O biriləri (Fir'on əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).
[26:65]
Musa və onunla
birlikdə olanların
hamısını xilas etdik.
[26:66]
O biriləri (Fir'on
tayfasını) isə suya qərq etdik.
[26:67]
Şübhəsiz ki, bunda (Musanın bu
hekayətində) bir ibrət vardır. Lakin onların (Fir'on tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.
[26:68]
(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, töbvə edən bəndələrini bağışlayar!)
[26:69]
(Ya Rəsulum!) Onlara İbrahimin hekayətini söylə!
[26:70]
O zaman ki, o öz atasına və tayfasına demişdi:
"Nəyə ibadət edirsiniz?"
[26:71]
Onlar: "Bütlərə ibadət edir və onlara
tapınmaqda davam edirik!"
- deyə cavab vermişdilər.
[26:72]
(İbrahim) demişdi: "Onları
çağırdığınız (dua etdiyiniz) zaman sizi
eşidirlərmi?
[26:73]
Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?"
[26:74]
Onlar: "Xeyr, ancaq biz öz
atalarımızın belə (ibadət) etdiklərini gördük!" - deyə cavab
vermişdilər.
[26:75]
(İbrahim) demişdi: "İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?-
[26:76]
Sizin və ulu babalarınızın?
[26:77]
Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir.
[26:78]
Məni yaradan və məni doğru yola yönəldən Odur!
[26:79]
Məni yedirdən də, içirdən də Odur!
[26:80]
Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.
[26:81]
Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur.
[26:82]
Və qiyamət günü xətamı
bağışlayacağına ümid etdiyim də Odur!
[26:83]
Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur!
[26:84]
Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub
adımı hörmətlə çəksinlər!)
[26:85]
Məni Nəim cənnətlərinin varislərindən et!
[26:86]
Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu!
[26:87]
(İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!
[26:88]
O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!
[26:89]
Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö'minlərdən) başqa!"
[26:90]
(O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.
[26:91]
Cəhənnəm də azğınlara
göstərilər.
[26:92]
Və onlara
belə deyərlər: "İbadət etdikləriniz (bütlər) haradadır?
[26:93]
Allahdan başqa (ibadət etdikləriniz?). Onlar
sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?"
[26:94]
Onlar (müşriklər) və azğınlar (üzüqoylu
üst-üstə) oraya (Cəhənnəmə) atılarlar!
[26:95]
İblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar).
[26:96]
Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər:
[26:97]
Allaha and olsun ki,
biz (haqq yoldan) açıq-aydın azmışdıq!
[26:98]
Cünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq.
[26:99]
Bizi yalnız günahkarlar azdırdı.
[26:100]
İndi artıq nə şəfaət edən kimsələrimiz,
[26:101]
Nə də bir mehriban dostumuz
var!
[26:102]
Kaş bir də (dünyaya) dönə biləydik; mö'minlərdən olardıq! "
[26:103]
Həqiqətən, bunda (İbrahimin bu hekayətində) bir ibrət vardır. Halbuki onların (İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların) əksəriyyəti iman gətirmədi.
[26:104]
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini
bağışlayar!)
[26:105]
Nuh tayfası peyğəmbərləri təkzib etdi. (Onlar Nuhu
yalançı saydılar. Bir
peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir).
[26:106]
O zaman ki, qardaşları Nuh onlara
dedi: "Məgər (küfr etməyinizə görə) qorxmursunuz?
[26:107]
Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası)
bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
[26:108]
Artıq Allahdan qorxun və mənə itaət edin!
[26:109]
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
[26:110]
Artıq Allahdan qorxun və mənə itaət edin!"
[26:111]
Onlar: "Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?" - dedilər.
[26:112]
(Nuh) dedi: "Mən onların nə etdiklərini (daxilən nə cür olduqlarını)
bilmirəm!
[26:113]
Əgər başa düşürsünüzsə, (bilin ki) onların haqq-hesabı (imanlarının
zahiri, yaxud daxili olduğu, ürəkdən iman gətirib-gətirmədikləri) yalnız Rəbbimə aiddir! (Mən ancaq zahirə baxıram!)
[26:114]
Və mən iman gətirənləri qovan da deyiləm!
[26:115]
Mən yalnız (günahkarları Allahın əzabı ilə)
açıq-aşkar qorxudan bir
peyğəmbərəm!"
[26:116]
Onlar dedilər: "Ey Nuh! Əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!"
[26:117]
(Nuh) dedi: "Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi.
[26:118]
Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan
mö'minləri (bu əzabdan) qurtar!
[26:119]
Buna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.
[26:120]
Sonra yerdə qalanları suda
boğduq!
[26:121]
Şübhəsiz ki, bunda (Nuhun bu hekayətində) bir ibrət vardır. Halbuki onların (Nuh tayfasının, yaxud bu hekayətə qulaq asanların) əksəriyyəti iman gətirmədi.
[26:122]
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
[26:123]
Ad taydası da peyğəmbərləri təkzib etdi.
[26:124]
O zaman ki, qardaşları Hud onlara
dedi: "Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saymağınıza görə Allahın əzabından)
qorxmursunuz?
[26:125]
Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası)
bir peyğəmbərəm!
[26:126]
Allahdan qorxun və mənə itaət edin!
[26:127]
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım
ancaq aləmlərin Rəbbinə aiddir!
[26:128]
Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz?
[26:129]
Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz!
[26:130]
Və (birini)
yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onun vəhşicəsinə döyüb
öldürürsünüz!)
[26:131]
Artıq Allahdan qorxun və mənə itaət edin!
[26:132]
Qorxun o kəsdən ki, anlayıb bildiyiniz
şeyləri (ne'mətləri) sizə əta etdi!
[26:133]
Sizə heyvanat, oğul-uşaq,
[26:134]
Bağlar və çeşmələr verdi!
[26:135]
Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"
[26:136]
Onlar dedilər: "Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir
(dinimizdən dönən deyilik).
[26:137]
Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu
sözlər qədimlərin uydurmalarından
başqa bir şey deyildir!)
[26:138]
Və biz əzaba da düçar
olmayacağıq!"
[26:139]
Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik.
Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır.
Halbuki onların əksəriyyəti iman gətirmədi.
[26:140]
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini
bağışlayar!)
[26:141]
Səmud tayfası
da peyğəmbərləri təkzib etdi.
[26:142]
O vaxt ki, qardaşları Saleh onlara
dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab
etdiyinizə görə Allahın əzabından) qorxmursunuz?
[26:143]
Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası)
bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
[26:144]
Artıq Allahdan qorxun və mənə itaət edin!
[26:145]
Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
[26:146]
Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız?
[26:147]
Bağlar və çeşmələr içində,
[26:148]
Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmlikdə ömür sürəcəksiniz)?
[26:149]
Dağlardan (sanki dünyada əbədi
yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?
[26:150]
Artıq Allahdan qorxun və mənə itaət edin!
[26:151]
(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)!
[26:152]
O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!
[26:153]
Onlar dedilər: "Həqiqətən, sən (əməlli başlı)
ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hardan peyğəmbər oldun?)
[26:154]
Sən də bizim kimi ancaq adi bir
insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir mö'cüzə gətir!"
[26:155]
(Saleh) dedi: "Bu, (Allahın
mö'cüzəsi olan) dişi (maya) bir
dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için.
Bir-birinizə mane olmayın!)
[26:156]
Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi
yaxalayar!"
[26:157]
Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.
[26:158]
Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda
(Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
[26:159]
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini
bağışlayar!)
[26:160]
Lut tayfası da peyğəmbərləri təkzib etdi.
[26:161]
O zaman ki, qardaşları Lut onlara
dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza
görə Allahın əzabından) qorxmursunuz?
[26:162]
Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası)
bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
[26:163]
Artıq Allahdan qorxun və mənə itaət edin!
[26:164]
Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
[26:165]
Doğrudanmı siz bəşər
övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz?
[26:166]
Və Rəbbinizin sizin üçün yaratdığı
qadınlarınızı tərk edirsiniz? Siz
(günah etməklə) həddi aşan bir camaatsınız!"
[26:167]
Onlar dedilər: "Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son
qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!"
[26:168]
(Lut) dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!
[26:169]
Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!"
[26:170]
Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik.
[26:171]
Ancaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla!
[26:172]
Sonra da o biriləri məhv edib kökünü kəsdik.
[26:173]
Onların üstünə (qızmar daşdan) bir yağış
yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır!
[26:174]
Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
[26:175]
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini
bağışlayar!)
[26:176]
Əykə əhli də peyğəmbərləri təkzib etdi.
[26:177]
O zaman ki, Şüeyb onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından)
qorxmursunuz?
[26:178]
Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası)
bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
[26:179]
Artıq Allahdan qorxun və mənə itaət edin!
[26:180]
Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
[26:181]
?lçüdə düz olun, (onu) əskildənlərdən olmayın!
[26:182]
Düz tərəzi ilə çəkin!
[26:183]
İnsanların haqqını
azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin
haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin!
[26:184]
Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!"
[26:185]
Onlar dedilər: "Həqiqətən, sən (əməlli-başlı)
ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hara, peyğəmbərlik hara?)
[26:186]
Sən də bizim kimi adi bir insansan!
Bizə elə gəlir ki, sən yalançının birisən!
[26:187]
Əgər, doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!"
[26:188]
(Şüeyb) dedi: "Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!"
[26:189]
Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük
(müdhiş) bir günün əzabı idi.
[26:190]
Şübhəsiz ki, bunda (Şüeybin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
[26:191]
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini
bağışlayar!)
[26:192]
Şübhəsiz ki, bu (Qur'an) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
[26:193]
Onu Cəbrail (Ruhuləmin) endirdi:
[26:194]
(Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);
[26:195]
?zü də açıq-aydın ərəb dilinə.
[26:196]
Həqiqətən, o (Qur'anın nazil olacağı xəbəri, mə'nası və hökmləri; Peyğəmbərin vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur.
[26:197]
Məgər İsrail
övladı alimlərinin
(Qur'anın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu) bilmələri onlar (bu kafirlər) üçün bir dəlil (sübut)
deyilmi?
[26:198]
Əgər onu ərəb olmayanlardan (ərəbcə bilməyənlərdən) birinə (bə'zisinə) nazil etsəydik;
[26:199]
Və o
(Qur'anı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu şəxs ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır deyə) ona iman gətirməzdilər.
[26:200]
Biz (küfrü, inadkarlığı)
günahkarların qəlbinə belə salarıq.
[26:201]
Onlar şiddətli əzabı görməyənədək (Qur'ana) inanmazlar.
[26:202]
(Əzab) onlara qəflətən, özləri də hiss etmədən gələr.
[26:203]
O zaman onlar deyərlər: "Əcaba, (tövbə etmək, iman gətirmək üçün) bizə möhlət veriləcəkmi?"
[26:204]
İndi (günahkarlar) əzabımızın (dünyada onlara) tezmi gəlməsini istəyirlər?
[26:205]
(Ya Rəsulum!
Görürsənmi, əgər Biz onlara (kafirlərə) illərcə ne'mət (gün-güzəran) versək,
[26:206]
Sonra və'd (təhdid) olunduqları (əzab) onlara
yetişsə,
[26:207]
Onlara verilmiş olan ne'mətlər (əzabımızı) onlardan dəf edə bilməz. (Heç bir şey onlara
veriləcək əzabı geri qaytara bilməz. Əksinə, firavan həyat, bol ne'mət onların
günahlarını, cinayətlərini daha da artırar).
[26:208]
Biz heç bir məmləkəti ora peyğəmbər göndərmədən məhv etmədik!
[26:209]
(Peyğəmbərləri) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz
zalım deyilik!
[26:210]
(Qur'anı) əsla şeytanlar endirmədi.
[26:211]
Bu onlara layiq deyildir. Onlar (bunu) heç
bacara da bilməzlər!
[26:212]
Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan
edilmişdir.
[26:213]
Elə isə çəkin, Allahla yanaşı
başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!
[26:214]
Və ən yaxşın qohumlarını qorxut!
[26:215]
Sənə tabe olan mö'minləri qanadın
altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)
[26:216]
Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı
çıxsalar, onlara belə de: "Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!"
[26:217]
Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibidə təvəkkül et!
[26:218]
O Allah ki, səni namaza duranda da
görür,
[26:219]
Səcdə edənlər içində dolananda da.
[26:220]
Həqiqətən, (hər şeyi)
eşidən, bilən Odur!
[26:221]
(Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
[26:222]
Onlar hər bir yalançıya, günahkara
nazil olarlar.
[26:223]
(Şeytanlar mələklərdən oğrun-oğrun)
eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər
şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır!
[26:224]
(Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız
azğınlar uyar!
[26:225]
Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar?
(Hər tərəfə meyl edir, birini
yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!)
[26:226]
Və onlar
etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!)
[26:227]
Ancaq iman gətirib yaxşı işlər görən, Allahı
çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı
dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə
olacağını,
hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!