Al-Ahzâb
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[33:1]
Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[33:2]
Rəbbindən sənə vəhy olunana (Qur'ana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!
[33:3]
Allaha təvəkkül et. Allahın (bütün
işlərdə sənə) vəkil olması kifayət edər!
[33:4]
Allah bir adamın sinəsinəndə (daxilində) iki ürək yaratmamışdır. (Eləcə də iki Allah ola bilməz). Allah nə zihar etdiyiniz
(arxasını ananızın arxasına oxşadaraq yaxınlıq etmədiyiniz, talağını verdiyiniz) zövcələrinizi sizə doğma ana, nə də oğulluğa
götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz
atalarının oğullarıdır). Bunlar sizin dediyiniz
boş (mə'nasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) doğru yola gətirir!
[33:5]
Onları (əsil-nəsəbləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür (daha ədalətlidir). Atalarının
kim olduğunu bilməsəniz, onlar sizin din
qardaşlarınız və
yaxınlarınızdır (əmioğlanlarınız və ya azad kölələrinizdir; onları qardaşım, əmioğlum, dostum deyə
çağırın). Etdiyiniz səhvlərə (məsələn, birinin atasını
bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin
(qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah
vardır. Allah (bəndələrini)
bağışlayandır, rəhm edəndir!
[33:6]
Peyğəmbər mö'minlərə onların özlərindən daha yaxındır. (Mö'minlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (mö'minlərin)
analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında
mö'minlərdən və mühacirlərdən daha yaxındırlar.
Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq
edə (bir irs qoya) bilərsiniz. Bu
(hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır.
(İslamın ilk dövrlərində sizə qardaş olanların, birlikdə Mədinəyə hicrət edənlərin bir-birinə vərəsə olmaq ixtiyarı var idi. Sonralar bu hökm ləğv edilib
varislər məsələsində üstünlük qohumlara verildi.
Qohum olmayan mö'minlərin bir-birinə vərəsə olması isə yalnız vəsiyyət yolu ilə mümkün hesab edildi).
[33:7]
(Ya Rəsulum!)
Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da!
Biz onlardan möhkəm bir əhd
almışdıq ki,
[33:8]
(Allah bununla) doğru
danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını (risaləti təbliğ edib-etmədiklərini, ümmətlərinin onlara iman gətirib-gətirmədiklərini) xəbər alsın və kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın!
[33:9]
Ey iman gətirənlər! (Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətəfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş)
ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne'mətini yada
salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah
o zaman sizin nə etdiyinizi görürdü.
[33:10]
O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Mö'minlər Allahın ?z
və'dinə doğru olduğuna
inanır, münafiqlər isə e'tiqadı zəif olanlar isə Muhəmməd əleyhissəlamın bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər).
[33:11]
Məhz onda (Xəndək vuruşunda) mö'minlər imtahana çəkilmiş
(kimin həqiqi mö'min, kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar.
[33:12]
O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: "Allah və Onun peyğəmbəri bizə yalan və'd etmişdir. (Biz zəfər çala bilməyəcəyik)" - deyirdilər.
[33:13]
O zaman onlardan bir tayfa: "Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!"
- demişdi. Başqa bir dəstə isə: "Evlərimiz
açıqdır (kimsəsizdir, oğru
girməsindən qorxuruq)" - deyə (geri
qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi.
Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.
[33:14]
Əgər (Mədinənin) hər tərəfindən üstlərinə yüyürülüb (cumulub) onlardan fitnə törətmək (imandan dönmək, yenidən müşrikliyə qayıtmaq) istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda (bu işdə) azacıq da
olsa yubanmazdılar.
[33:15]
Halbuki bundan əvvəl (Uhüd vuruşundan
sonra) bir daha (düşməndən) üz çevirib
qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində (qiyamət günü) mütləq sorğu-sual
olunacaqdır!
[33:16]
(Ya Peyğəmbər! Bu münafiqlərə) de: "Əgər ölməkdən, yaxud öldürülməkdən (qorxub)
qaçarsınızsa, qaçmaq sizə heç bir fayda
verməz. (Qaçsanız belə, dünyada) ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Alnınıza nə yazılmışsa,
o da olacaq. Qaçsanız da, qaçmasanız da
əcəliniz çatan kimi öləcəksiniz. Allahın əzəli hökmünü dəyişdirmək olmaz!)
[33:17]
De: "Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin
haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər.
[33:18]
Şübhəsiz ki, Allah içərinizdən (cihada getməyinizə) mane olanları da,
qardaşlarına: "Bizə tərəf gəlin! (Muhəmmədə qoşulub əbəs yerə özünüzü həlak etməyin!)" - deyənləri də tanıyır. Döyüşə onların ancaq azı gələr,
[33:19]
(Gəldikdə də xəsislik göstərib köməklərini) sizdən əsirgəyərlər. (Ya Rəsulum!) Onlara qorxu üz verdikdə can üstə olan (ölüm xofundan bayılan) adam kimi gözləri (o tərəf-bu tərəfə) dolana-dolana sənə baxdıqlarını
görərsən. Qorxu canlarından
çıxınca qənimətdə (mö'minlər əldə etdiyi qənimətin bölünməsində) xəsislik edib acı dilləri ilə sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün
asandır!
[33:20]
(Münafiqlər qorxularından Xəndək müharibəsində mələklərin pərən-pərən saldığı düşmən) dəstələrinin çıxıb getmədiklərini zənn edirlər. O dəstələrin bir də
qayıdıb gələcəyi təqdirdə onlar (qorxularından)
çöldə bədəvilər arasında olmaq istərdilər ki, (gəlib-gedəndən) sizə dair xəbərləri soruşub öyrənsinlər. (Əgər mö'minlər zəfər çalıbsa, qənimətə şərik çıxsınlar, yox, əgər kafirlər qalib gəliblərsə, onlara qoşulsunlar). Əgər aranızda
olsaydılar, çox az (özü də yalandan) döyüşərdilər.
[33:21]
Həqiqətən, Allahın Rəsulu Allaha,
qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox
zikr edənlər üçün gözəl örnəkdir!
[33:22]
Mö'minlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: "Bu, Allahın və Peyğəmbərinin bizə olan (zəfər) və'didir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan
yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi mö'minlərə kafirlər üzərində qalib olmağı və'd etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!"
Bu (vəziyyət) onların yalnız
(Allaha) imanını və itaətini artırdı.
[33:23]
Mö'minlər içərilərisində elələri də vardır ki, Allaha
etdikləri əhdə sadiq olarlar.
Onlardan kimisi (bu yolda) şəhid olmuş,
kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki,
[33:24]
Allah (bununla) doğruları
doğruluqlarına görə
mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah (bəndələrini)
bağışlayandır, rəhm edəndir!
[33:25]
Allah kafirləri qəzəbli olduqları (məqsədlərinə çatmadıqları) halda geri oturtdu. Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah
mö'minlərə kifayət etdi. Allah
yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
[33:26]
Allah kitab əhlindən onlara (kafirlərə) kömək edənlərin ürəklərinə qorxu salıb onları öz qalalarından endirdi. Siz onların
bir qismini öldürür, bir qismini də əsir alırdınız.
[33:27]
(Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına,
üstəlik də ayağınız dəyməyən bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir!
[33:28]
Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: "Əgər siz dünya həyatını
və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq
haqqınızı verim və (sonra da)
gözəl bir tərzdə (Allahın buyurduğu
qayda üzrə) boşayım!
[33:29]
Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki)
Allah içərinizdən yaxşı
işlər görənlər üçün böyük bir mükafat
(Cənnət) hazırlamışdır. (Peyğəmbər əleyhissəlamın
xanımları dünya ne'mətlərindən vaz keçib axirət yurdunu daha
üstün tutdular).
[33:30]
Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!
[33:31]
Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun
mükafatını ikiqat (başqa
qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün
(Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi hazırlamışıq.
[33:32]
Siz ey Peyğəmbərin zövcələri! Allahdan
qorxacağınız təqdirdə siz (başqa)
qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız).
Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın,
yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər.
(Danışdığınız zaman) gözəl
danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)
[33:33]
Evlərinizdə qərar tutun. İlkin
Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb
özünüzü, gözəlliyinizi yad
kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!
[33:34]
Allahın evlərinizdə oxunan ayələrini (Qur'anı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (mö'minlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!"
[33:35]
Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö'min kişilər və qadınlar, (Allaha) müt'i kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan
kişilər və qadınlar və Allahı çox
zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət
(bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!
[33:36]
Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö'min kişiyə və qadına öz
işlərində başqa yol seçmək (öz
ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq
yoldan) açıq-aydın azmışdır!
[33:37]
(Ya Peyğəmbər!) Xatırla ki, bir
zaman Allahın (islam dininə yönəltməklə) ne'mət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) ne'mət verdiyi şəxsə (Zeyd ibn Harisəyə): "Zövzəni (Zeynəb bint Cəhşi) saxla
(boşama), Allahdan qorx!" -
deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu
almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun
boşadığı övrətlə evlənir, - deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı
olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda)
səni onunla evləndirdik ki, oğulluqları övrətlərini
boşadıqları zaman onlarla
evlənməkdə mö'minlərə heç bir çətinlik (günah)
olmasın! (Bu işdən mö'minlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik).
Allahın hökmü mütləq yerinə yetər!
[33:38]
Allahın Peyğəmbərə vacib (halal) buyurduğu bir şeydə (Zeynəblə evlənməkdə) ona heç bir günah yoxdur. Daha öncə gəlib-getmiş (Davud,
Süleyman və başqaları kimi) peyğəmbərlər barəsində də Allahın qayda-qanunu (sünnəsi) belədir. Allahın əmri əzəli hökmdür! (O, mütləq yerinə yetməlidir!)
[33:39]
O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan baçqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir.
[33:40]
Muhəmməd aranızdakı
kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki,
kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!
[33:41]
Ey iman gətirənlər! Allahı çox
zikr edin!
[33:42]
Onu səhər-axşam təqdis edib şə'ninə tə'riflər deyin! (Sübh, günorta,
ikindi, axşam və gecə namazlarını
qılın!)
[33:43]
Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin
bağışlanmağınızı dilərlər!). Allah mö'minlərə rəhm edəndir!
[33:44]
(Mö'minlərin) Ona
qovuşacaqlarını gün (Cənnətdə bir-birinə) xeyir-duaları (və ya Allahın onlara verəcəyi xeyir-dua)
"salam"dır! (Allah) onlar üçün çox qiymətli (tükənməz, gözəl) mükafat
hazırlamışdır.
[33:45]
Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik!
[33:46]
(Biz səni) Allahın
izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq
göndərdik!
[33:47]
Mö'minlərə Allah tərəfindən böyük bir mükafat (Cənnət) bəxş ediləcəyi ilə müjdə ver!
[33:48]
Kafirlərə və münafiqlərə itaət etmə. Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət edər.
[33:49]
Ey iman gətirənlər! Əgər mö'min qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. (Onları evlərinizdə saxlayıb
gözləmə müddətini başa vurmağa məcbur etməyin. Aranızda yaxınlıq
olmadığı üçün nə vaxt istəsələr, o vaxt da
başqasına ərə gedə bilərlər). Belə olduqda onlara bir şey (mehrin yarısını və ya bir az mal) verib gözəl tərzdə sərbəst buraxın!
[33:50]
Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın
qızlarını, xalalarının qızlarını və bir də Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz)
Peyğəmbərə bağışlayan hər hansı bir mö'min qadını - digər mö'minlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik.
Onların zövcələri və sahib olduqları cariyələr barəsində ("Nisa" surəsində) nə hökm etdiyimizi (onlara
hansı qadınları halal
buyurduğumuzu və bu məsələdə onları Peyğəmbərlə bir tutmamağımızın hikmətini), əlbəttə, bilirik. (Ya Rəsulum!) Sənə (evlənməkdə) bir çətinlik
olmasın deyə (bu buyurduqlarımızı sənə halal etdik). Allah
bağışlayandır, rəhm edəndir!
[33:51]
(Ya Rəsulum!) Onlardan
(zövcələrindən) istədiyini (istədiyinin səninlə gecələmək növbəsini) tə'xirə salar, istədiyini də (gecəni onunla keçirmək üçün) öz
yanına ala bilərsən. (Bir müddət özündən) ayırdığın (növbəsini tə'xirə saldığın, yaxud ric'i talaqla
boşadığın) övrətlərindən də istədiyini (yenidən) öz yanına qaytarmaqdan sənə heç bir günah gəlməz. Onların gözlərinin aydın
olması (sevinmələri), kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları
üçün ən münasib olanı budur. Allah qəlblərinizdə olanları (kimin daha çox kimə meyl etdiyini) bilir. Allah (hər şeyi) biləndir, həlimdir! (Bəndələrinə cəza verməkdə tələsməz!)
[33:52]
Bundan sonra (bu övrətlərindən əlavə) sənə (başqa) qadınlar halal olmaz. Bunları, gözəllikləri xoşuna gəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib
olduğunuz cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!
[33:53]
Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə də'vət olumadan) girib onun bişməsini gözləməyin. Lakin də'vət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb
dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin
Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda,
pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun
zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!
[33:54]
Əgər bir şeyi (Peyğəmbərin zövcələri ilə evlənmək arzusunu) açıq bildirsəniz, yaxud onu (qəlbinizdə) gizli
saxlasanız, (fərqi yoxdur) Allah
hər şeyi biləndir! (Sizin bütün aşkar və gizli əməlləriniz, hətta ürəyinizdən keçən ani fikir və duyğular belə Allaha mə'lumdur!)
[33:55]
Onlara (Peyğəmbərin və mö'minlərin övrətlərinə) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları,
bacılarının oğulları, öz (müsəlman) qadınları, sahib olduqları kölə və cariyələr barədə (onlara görünmək, onlarla
söhbət etmək xüsusunda) heç bir günah
yoxdur. (Siz ey qadınlar!) Allahdan qorxun! (Onun sizə buyurduqlarına əməl edin!) Şübhəsiz ki, Allah hər şeyə şahiddir!
[33:56]
Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün
salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)
[33:57]
Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lə'nət eləmiş (?z rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab
hazırlamışdır!
[33:58]
Mö'min kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!
[33:59]
Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö'minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa
gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması
(cariyə deyil, azad qadın
olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah
bağışlayandır, rəhm edəndir!
[33:60]
Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə
qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər.
[33:61]
(Onlar) məl'unlar kimi (tezliklə şəhərdən qovular), harada ələ keçsələr, mütləq tutulub öldürülərlər.
[33:62]
Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında
qayda-qanunu belədir. Sən Allahın qoyduğu
qayda-qanunda əsla dəyişiklik görməzsən!
[33:63]
Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: "Onu ancaq Allah bilər!" Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır).
[33:64]
Şübhəsiz ki, Allah kafirlərə lə'nət eləmiş və onlar üçün yanar
od hazırlamışdır.
[33:65]
Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa biləcəklər.
[33:66]
Uzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala
düşdüyü) gün onlar: "Kaş
Allaha müt'i olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər.
[33:67]
Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar.
[33:68]
Ey Rəbbimiz! Onlara
ikiqat əzab ver, onları
böyük bir lə'nətə (əzaba) düçar elə!"
[33:69]
Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah
(Musanı) onların dediklərindən (böhtanlarından)
təmizə çıxartdı. O, Allah
yanında çox hörmətli (qədir-qiymətli) idi.
[33:70]
Ey iman gətirənlər! Allahdan qorxun və doğru
söz söyləyin!
[33:71]
(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.
[33:72]
Biz əmanəti (Allaha itaət və ibadəti, şər'i hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar
ona yüklənməkdən (götürüb özləri ilə
daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox
cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi).
[33:73]
Allah münafiq kişiləri və qadınları,
müşrik kişiləri və qadınları əzaba
uğratsın, mö'min
kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övladına
tapşırdı). Allah (mö'minləri) bağışlayandır, rəhm edəndir!