Al-Hujurât
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[49:1]
Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!
[49:2]
Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq
qaldırmayın və
bir-birinizlə ucadan
danışdığınız kimi onunla ucadan
danışmayın! Yoxsa,
özünüz də bilmədən, əməlləriniz puç olar.
[49:3]
Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (mö'minliyə layiq
etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!
[49:4]
(Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların
arxasından çağıranların çoxusunun ağlı kəsmir!
[49:5]
Əgər onlar sən
qarşılarına çıxancaya qədər səbr etsəydilər, (bu, Allahın yanında) onlar üçün, əlbəttə, daha yaxşı
olardı. Allah (tövbə edənləri)
bağışlayandır, rəhm edəndir!
[49:6]
Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun
doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman
olarsınız!
[49:7]
(Ey iman gətirənlər!) Bilin ki, aranızda
Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşər) əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı
sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi
olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru
yolda olanlardır!
[49:8]
Bu isə Allah dərgahından olan lütf və ne'mət sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[49:9]
Əgər mö'minlərdən iki dəstə bir-biri ilə vuruşsa,
onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq
etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!
[49:10]
Həqiqətən, mö'minlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun
ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!
[49:11]
Ey iman gətirənlər! Bir qövm digərini lağa
qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tə'nə etməyin (ayıb tutmayın)
və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq,
ey münafiq və i. a.)
çağırmayın. İman gətirdikdən sonra fasiq
adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (?zlərinə zülm edənlərdir!)
[49:12]
Ey iman gətirənlər! Cox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə'zisi (heç bir əsası olmayan
zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş
qardaşının ətini yeməyə razı olarmı?! Bu
sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!
[49:13]
Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli
olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.
[49:14]
(Qənimət əldə etmək iştahası ilə islama daxil olan)
bədəvi ərəblər: "Biz iman gətirdik!" - dedilər. (Ya Peyğəmbər! Onlara) de:
"Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!" - deyin. Hələ iman sizin qəlblərinizə daxil
olmamışdır (çünki
iman əməllə e'tiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir!
[49:15]
Mö'minlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları
və canları ilə
vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!
[49:16]
(Ya Peyğəmbər! Bu bədəvilərə) de: "Siz dininizi (həqiqi müsəlman olduğunuzu)
Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa,
(hamısını) bilir. Allah hər şeyi biləndir!
[49:17]
Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: "Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru
deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş
olur!"
[49:18]
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. Allah sizin nə etdiklərinizi görəndir!