Al-Qamar
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[54:1]
O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö'cüzəsi ilə) parçalandı.
[54:2]
Əgər müşriklər (Muhəmməd əleyhissəlamın
peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö'cüzə görsələr, (imandan) üz döndərib: "(Bu, uzun müddət) davam edən bir sehrdir!"
- deyərlər.
[54:3]
Onlar (ayın parçalanmasını, digər mö'cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o
cümlədən islam dini və Muhəmməd əleyhissəlamın
peyğəmbərliyi bərqərar olacaqdır!)
[54:4]
And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
[54:5]
(Bu Qur'an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!
[54:6]
Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin)
onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək!
[54:7]
Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
[54:8]
Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: "Bu nə çətin bir gündür!" -
deyəcəklər.
[54:9]
Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz
peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: "(Bu) divanədir!" - demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan
edilmişdi.
[54:10]
(Nuh) Rəbbinə dua edib: "Mən (öz
qövmümüm içində) məğlub oldum, buna
görə də (onlardan) intiqam al!" - dedi.
[54:11]
Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir
yağışla açdıq.
[54:12]
Yeri yarıb (oradan) bulaqlar
qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu.
[54:13]
Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.
[54:14]
(Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb
gedirdi.
[54:15]
And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma
heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
[54:16]
Bir (görəydiniz) Mənim əzabım və
qorxutmağım necə oldu!
[54:17]
And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
[54:18]
Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və
qorxutmağım necə oldu!
[54:19]
Biz (əzabı) uzun
sürən nəhs bir gündə onların üstünə uğultulu (çox
soyuq) bir külək göndərdik.
[54:20]
O, adamları kökündən qopmuş xurma
kötükləri kimi (yerindən) qopardıb
atırdı.
[54:21]
(Bir görəydiniz) Mənim əzabım və
qorxutmağım necə oldu!
[54:22]
And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
[54:23]
Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.
[54:24]
Onlar demişdilər: "Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!
[54:25]
Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o,
yalançının, lovğanın
biridir!"
[54:26]
(Biz Saleh peyğəmbərə təsəlli verib dedik: )
"Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər!
[54:27]
Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz!
[54:28]
Və onlara
suyun (dəvə ilə) onlar arasında
bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün
onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!"
[54:29]
Nəhayət, onlar öz
yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da
(dəvəni) tutub kəsdi.
[54:30]
(Bir görəydiniz) Mənim əzabım və
qorxutmağım necə oldu!
[54:31]
Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin
qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.
[54:32]
And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
[54:33]
Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.
[54:34]
Biz də onların
üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;
[54:35]
Dərgahımızdan bir lütf olaraq! Biz (ne'mətimizə) şükür edəni belə
mükafatlandırırıq!
[54:36]
And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.
[54:37]
Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor
etdik (və) "İndi əzabımı
və təhdidlərimi dadın!"
- (dedik).
[54:38]
And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).
[54:39]
(Onlara: ) "İndi əzabımı və təhdidlərimi dadın!" (dedik).
[54:40]
And olsun ki, Biz Qur'anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan
(öyüd-nəsihət qəbul edən) varmı?!
[54:41]
And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız
Musa vasitəsilə) Fir'on əhlinə də gəlib çatmışdı.
[54:42]
Onlar ayələrimizin (mö'cüzələrimizin)
hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.
[54:43]
(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş
hökmü) vardır?!
[54:44]
Yoxsa onlar: "Biz (Muhəmməd və mö'minlərdən) intiqam ala biləcək bir zümrəyik!" - deyirlər?
[54:45]
(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib
qaçacaqdır!
[54:46]
Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır
(daha şiddətlidir).
[54:47]
Şübhəsiz ki, günahkarlar (dünyada)
haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər).
[54:48]
O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): "Duyun Cəhənnəmin (ələmini) təmasını!"
(deyiləcəkdir).
[54:49]
Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım
olduğu qədər) yaratdıq.
[54:50]
Bizim buyurduğumuz bir göz
qırpımında yerinə yetər! (Hər hansı bir şeyi
yaratmaq istədikdə ona bircə dəfə: "Ol !" - deyərik, o da dərhal olar!)
[54:51]
And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik.
Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
[54:52]
Onların etdiyi hər şey (əməllərinin
yazıldığı) dəftərlərdədir!
[54:53]
Hər bir kiçik və böyük
(günah lövhi-məhfuzda)
yazılmışdır!
[54:54]
Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,
[54:55]
(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan)
haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!