Al-Mumtahanah
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[60:1]
Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Qur'anı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz
onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar
Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq
uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın).
Siz onlarla gizlində dostluq
edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi
(bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha)
bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq
yoldan azmışdır!
[60:2]
Əgər onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.
[60:3]
Nə
(xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki) qohum-əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən
ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!
[60:4]
İbrahim və onunla birlikdə olanlar
(mö'minlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan
başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin
aranızda həmişə ədavət və nifrət olacaqdır!"
Ancaq İbrahim öz atasına: "Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım
yalnız budur)!" - deməsi istisnadır
(bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər: ) "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq.
Axır dönüş də ancaq Sənin hüzurunadır.
[60:5]
Ey Rəbbimiz! Bizi
kafirlər üçün sınaq vasitəsi etmə! (Bizi kafirlərin əli ilə sınağa çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!"
[60:6]
(Ey mö'minlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan) üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç nəyə) möhtac deyildir; O, tə'rifə (şükrə) layiqdir!
[60:7]
(Ey mö'minlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz
kimsələr (Məkkə müşrikləri) arasında
(onları islam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah (hər şeyə) qadirdir. Allah
bağışlayandır, rəhm edəndir!
[60:8]
Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan
çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!
[60:9]
Allah sizə ancaq sizinlə din yolunda
vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan
edər. Onlarla dostluq edənlər əsl zalımlardır!
[60:10]
Ey iman gətirənlər! Mö'min qadınlar sizin yanınıza mühacir kimi
gəldikləri zaman onları imtahana çəkin. Allah
onların imanını çox gözəl bilir (onları
yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö'min
olduqlarını bilsəniz, artıq
onları kafirlərin yanına
qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır.
Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları
öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib
mö'minlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[60:11]
Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa və siz də (onlarla
vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına)
getmiş kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz
Allahdan qorxun!
[60:12]
Ya Peyğəmbər! Mö'min qadınlar
Allaha heç bir şərik
qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız
uşaqlarını diri-diri
torpağa gömməyəcəklərini), özgə kişilərdən olan
uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey'ət etmək üçün yanına gəldikləri zaman onların bey'ətini qəbul et və Allahdan
onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
[60:13]
Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir
qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da
axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!