Al-Munâfiqûn

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[63:1]

(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: "Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! - deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.

[63:2]

Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!

[63:3]

Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.

[63:4]

(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və mö'minlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!

[63:5]

Onlara: "Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!"-deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.

[63:6]

Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!

[63:7]

Onlar: "Allahın Peyğəmbəri yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!" - deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.

[63:8]

Onlar: "Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər - münafiqlər) ən zəifləri (ən həqirləri - Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!" - deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və mö'minlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!

[63:9]

Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.

[63:10]

Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! - deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.

[63:11]

Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!