Al-Hâqqah
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[69:1]
Haqq olan qiyamət!
[69:2]
Nədir qiyamət?!
[69:3]
Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
[69:4]
Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!
[69:5]
Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.
[69:6]
Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.
[69:7]
Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş
görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
[69:8]
İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!
[69:9]
Fir'on da, ondan əvvəlkilər də, alt-üst olmuş
Mö'təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.
[69:10]
Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da
onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.
[69:11]
Həqiqətən, hər tərəfi su basdığı
zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.
[69:12]
Ona görə ki, bunu (mö'minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu
eşidib yadda saxlasın!
[69:13]
Sur bircə dəfə üfürüləcəyi;
[69:14]
Yer və dağlar
qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -
[69:15]
Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət
qopacaqdır!
[69:16]
Və (göy) süst
düşüb parçalanacaqdır!
[69:17]
Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
[69:18]
O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli
qalmayacaqdır!
[69:19]
Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun!
[69:20]
Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!"
[69:21]
Bundan belə o, xoş güzəran içində,
[69:22]
Yüksək bir Cənətdə olacaqdır.
[69:23]
(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır
(mö'minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
[69:24]
(Onlara belə deyiləcəkdir: ) "Keçmiş
günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!"
[69:25]
Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi!
[69:26]
Hesabımın nə olduğunu bilməyəydim!
[69:27]
Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
[69:28]
Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını
məndən dəf edə bilmədi).
[69:29]
Mülküm (səltənətim) də məhv olub getdi!"
[69:30]
(Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub
qandallayın!
[69:31]
Sonra da Cəhənnəmə atın!
[69:32]
Daha sonra onu yetmiş arşın
uzunluğunda zəncirlə bağlayın!
[69:33]
Cünki o, böyük olan Allaha
inanmırdı.
[69:34]
O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu
yedirtməyə rəğbət oyatmırdı.
[69:35]
Bu gün bax burda onun yaxın bir dostu
yoxdur.
[69:36]
İrindən başqa bir yeməyi də yoxdur.
[69:37]
Onu ancaq günahkarlar yeyər!"
[69:38]
And içirəm gördüklərinizə,
[69:39]
Və görmədiklərinizə ki,
[69:40]
Bu (Qur'an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona
nazil etdiyi) sözüdür!
[69:41]
O, şair sözü deyildir! Nə az inanırsınız!
[69:42]
O, kahin sözü də deyildir! Nə az
düşünürsünüz!
[69:43]
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
[69:44]
Əgər o (Peyğəmbər) özündən bə'zi sözlər uydurub Bizə isnad etsəydi,
[69:45]
Biz ondan mütləq şiddətli intiqam
alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!
[69:46]
Sonra onun şah damarını
qopardardıq!
[69:47]
Və heç
biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.
[69:48]
Şübhəsiz ki, bu (Qur'an) müttəqilərə bir öyüd-nəsihətdir.
[69:49]
(Ey insanlar!) İçərinizdə onu yalan hesab
edənlər olduğunu da, əlbəttə, bilirik.
[69:50]
Şübhəsiz ki, bu (Qur'an) kafirlər üçün bir peşmançılıqdır (ona
inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).
[69:51]
Doğrudan da, bu (Qur'an) gerçək bir həqiqətdir.
[69:52]
Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!