An-Nâziât
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[79:1]
And olsun (kafirlərin canını) zorla
alanlara;
[79:2]
And olsun (mö'minlərin canını) rahatlıqla alanlara;
[79:3]
And olsun sür'ətlə üzənlərə;
[79:4]
And olsun (bir-birini) ötdükcə ötənlərə;
[79:5]
And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın
işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib
haqq-hesab üçün Allahın hüzurunda
duracaqsınız)!
[79:6]
O gün sarsılan sarsılacaq (surun
birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),
[79:7]
Onun ardınca bir sarsıntı da
olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru
birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir).
[79:8]
O gün ürəklər qorxub titrəyəcək,
[79:9]
Gözləri (o ürəklərin sahib olduğu
gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir.
[79:10]
(Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: "Doğrudanmı
biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə
qaytarılacağıq?!
[79:11]
?zü də çürümüş sümüklər olduğumuz
zamanmı?!"
[79:12]
Onlar deyirlər: "Elə isə bu ziyanlı
dönüşdür (çünki onun
arxasında şiddətli bir əzab durur).
[79:13]
(Ey kafirlər! Bu, Allah üçün çətin deyildir).
Doğrudan da, o (surun axırıncı dəfə
çalınması) ancaq tək bir dəhşətli səsdir (nə'rədir)!
[79:14]
Onlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir
yerdə olacaqlar!
[79:15]
(Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?
[79:16]
O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:
[79:17]
Fir'onun yanına get. Cünki o,
(allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox azmışdır (həddini aşmışdır).
[79:18]
Və de: (Günahlardan) təmizlənmək istəyirsənmi? "
[79:19]
Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?"
[79:20]
(Musa gəlib Allahın buyuruğunu Fir'ona ərz elədi) və ona (özünün həqiqi peyğəmbər olmasına dəlalət edən) ən böyük mö'cüzəni (əsanın dönüb əjdaha
olmasını) göstərdi.
[79:21]
Lakin (Fir'on Musanı) təkzib edib (ona) asi oldu.
[79:22]
Sonra geri dönüb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya qarşı tədbir tökməyə) tələsdi.
[79:23]
Və (ə'yan-əşrafını, bütün
təbəələrini) toplayıb (onlara) belə xitab etdi:
[79:24]
Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!
[79:25]
Allah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona
axırıncı və əvvəlinci sözlərinin cəzasını
verdi).
[79:26]
Şübhəsiz ki, bunda (Allahdan)
qorxan kimsələr üçün ibrət dərsi vardır.
[79:27]
(Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa
göyü ki (Allah) onu yaratdı;
[79:28]
Qübbəsini
ucaltdı, düzəldib nizama saldı;
[79:29]
Gecəsini
qaranlıq, gündüzünü
işıqlı etdi?!
[79:30]
Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı).
[79:31]
Ondan suyunu və otlağını
çıxartdı.
[79:32]
(Orada) dağları yerləşdirdi.
[79:33]
(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür.
[79:34]
O böyük bəla (qiyamət) gələndə,
[79:35]
O gün insan nələr etdiyini (dünyadakı
bütün yaxşı, pis əməllərini) yadına salacaqdır.
[79:36]
Cəhənnəm də hər görənə görünəcəkdir.
[79:37]
Kim (dünyada) azğınlıq
etmişsə,
[79:38]
Dünyanı (axirətdən) üstün tutmuşsa,
[79:39]
Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!
[79:40]
Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda
durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə,
[79:41]
Həqiqətən, onun yurdu Cənnətdir!
[79:42]
(Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar.
[79:43]
Sən onu (onun
vaxtını) nə bilirsən?!
[79:44]
Onu sonuna qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur.
[79:45]
Sən ancaq ondan (qiyamətdən) xəbərdar edib çəkindirənsən!
[79:46]
Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam,
yaxud bir səhər qaldıqlarını sanacaqlar!