At-Takwîr
Mərhəmətli, rəhmli Allahın adı
ilə!
[81:1]
Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
[81:2]
Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
[81:3]
Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı)
zaman;
[81:4]
(Bədəvi ərəblərin çox əziz tutduğu)
boğaz dəvələr
başlı-başına buraxılacağı zaman;
[81:5]
Vəhşi heyvanlar (bir-birindən qisas almaq
üçün) bir yerə toplanacağı zaman;
[81:6]
Dənizlər od
tutub yanacağı (və ya dolub
daşacağı) zaman;
[81:7]
Ruhlar (bədənlərə) qovuşacağı zaman;
[81:8]
Diri-diri torpağa gömülən körpə qızdan:
[81:9]
Axı o hansı günaha görə öldürüldü?;
soruşulacağı zaman;
[81:10]
Əməl dəftərləri açılacağı
zaman;
[81:11]
Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
[81:12]
Cəhənnəm
alovlandırılacağı zaman;
[81:13]
Və Cənnət (mö'minlərə) yaxınlaşdırılacağı zaman;
[81:14]
Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!
[81:15]
And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;
[81:16]
(Günəşlə, ayla) seyr edib (onlar
batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Utaridə);
[81:17]
Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)
[81:18]
Və sökülməkdə olan dan yerinə ki,
[81:19]
Bu (Qur'an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.
[81:20]
(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).
[81:21]
(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e'tibarlı müvəkkildir.
[81:22]
(Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə
deyildir!
[81:23]
And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.
[81:24]
O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.
[81:25]
O (Qur'an) da məl'un (Allahın rəhmətindən qovulmuş)
Şeytanın sözü
deyildir.
[81:26]
Elə isə (siz ondan üz döndərib) hara
gedirsiniz?
[81:27]
O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.
[81:28]
Eləcə də sizdən doğru-düz (yolda)
olmaq istəyənlər üçün.
[81:29]
(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə
Allaha təvəkkül
edin!)