[4:135]

Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!

[4:136]

Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun ?z Peyğəmbərinə endirdiyi Kitaba (Qur'ana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır.

[4:137]

(Əvvəlcə) iman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir!

[4:138]

(Ya Rəsulum!) Munafiqlərə müjdə ver ki, onlardan ötrü (axirətdə) şiddətli əzab var.

[4:139]

O münafiqlər ki, mö'minləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!

[4:140]

Allah Kitabda (Qur'anda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Cünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!