[5:18]
Yəhudilər və xaçpərəstlər dedilər: "Biz Allahın oğulları və sevimliləriyik". (Onlara) de: "Bəs onda Allah nə üçün
günahlarınıza görə sizə əzab verir?" Xeyr, siz də Onun
yaratdığı bir bəşərsiniz. (Allah) istədiyini bağışlar, istədiyinə
əzab verər. Göylərin, yerin və onların
arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır!
[5:19]
Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: "Bizə nə bir (Cənnətlə) müjdə verən, nə də bir (cəhənnəm əzabı ilə) qorxudan kimsə gəldi", - deməməyiniz üçün sizə Peyğəmbərimiz (Muhəmməd) gəldi. Artıq sizə
müjdə verən və qorxudan
(xəbərdarlıq
edən) şəxs
gəlmişdir. Allah hər şeyə qadirdir!
[5:20]
Bir zaman Musa öz
camaatına belə demişdi: "Ey camaatım, Allahın sizə olan ne'mətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar tə'yin etdi və aləmlərdən (bəşər övladından) heç birinə vermədiyini sizə verdi.
[5:21]
Ey camaatım!
Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa (Beytülmüqəddəs və ya Şama)
daxil olun, geri dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda geri
dönərsiniz.
[5:22]
Onlar dedilər: "Ya Musa, orada nəhəng (qüvvətli) adamlar (Ad qövmünə mənsub Əmaliqə tayfası) vardır. Onlar oradan
çıxmayınca bir ora girməyəcəyik.
Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq".
[5:23]
(Allahdan) qorxanlardan
Allahın ne'mət verdiyi iki nəfər dedi: "Onların üstünə (qəflətən) qapıdan
(yaşadıqları şəhərin qapısından) girin. Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər mö'minsinizsə, Allaha təvəkkül edin!"