[5:65]
Əgər kitab əhli (Muhəmməd peyğəmbərə və Qur'ana) iman gətirsə və Allahdan qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki,
onların günahlarının üstünü örtər və özlərini də (ne'məti bol olan) Nəim cənnətlərinə daxil edərik.
[5:66]
Əgər onlar Tövrata,
İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (ilahi kitabların
sonuncusu olan Qur'ana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin ne'mətlərindən) yeyərdilər. Onlar arasında mö'tədil (islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini e'tiraf edən) bir camaat
vardır. Lakin onların
çoxusunun gördüyü işlər necə də pisdir!
[5:67]
Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Qur'anı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş
olmazsan. Allah səni
insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!
[5:68]
De: "Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz
tərəfindən sizə
nazil edilmiş olana
(Qur'ana) düzgün əməl etmədikcə, siz (Allah yanında məqbul, dini baxımdan doğru olan) heç bir şey üzərində
deyilsiniz. Rəbbin
tərəfindən sənə
nazil edilən (Qur'an)
onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma!
[5:69]
Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb
yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!
[5:70]
Biz
İsrail oğullarından əhd
almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə
bir peyğəmbər
onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə
(həmin peyğəmbərlərin)
bir qismini yalançı hesab edər,
bir qismini də öldürərdilər.