[5:109]

Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq: "(Ummətlərinizi Mənim əmrimə tabe olmağa də'vət etdiyiniz zaman) sizə nə cavab verildi?" Onlar isə (təvazökarlıq edib): "Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən! - deyə cavab verəcəklər.

[5:110]

(Ya Rəsulum!) Xatırla ki, o gün (qiyamət günü) Allah (İsaya) belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənə və anana ne'mətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora cə cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar mö'cüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!"

[5:111]

Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): "Mənə və peyğəmbərimə iman gətirin!" - deyə əmr etmişdim. Onlar isə: "Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!" - deyə cavab vermişdilər.

[5:112]

Onu da xatırla ki, o zaman həvarilər demişdilər: "Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa):" Əgər mö'minsinizsə, Allahdan qorxun!" - demişdi.

[5:113]

(Həvarilər) demişdilər: "Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi mö'cüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq".