[6:119]

Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!

[6:120]

Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!

[6:121]

Ustündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.

[6:122]

Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi.

[6:123]

Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları tə'yin etdik ki, onlar (günahlarını, bunun nəticəsində də axirətdə əzablarını daha da artırmaq üçün) orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar.

[6:124]

Onlara bir ayə gəldiyi zaman: "Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin, mö'cüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!" - deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini ?zü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!