[6:125]
Allah kimi düz yola
yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!
[6:126]
Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan
bir camaat üçün artıq müfəssəl izah etmişik.
[6:127]
Onları Rəbinin yanında əmin-amanlıq yurdu
(Cənnət) gözləyir. Allah onların gördüyü işləri himayə edəndir (və ya gördükləri yaxşı işlərə görə Allah onların
dostudur).
[6:128]
(Allah insanları və cinləri) toplayacağı gün
(qiyamət günü) belə buyuracaq: "Ey cin tayfası, artıq insanların bir çoxunu
yoldan çıxartdınız". Onların (cinlərin) insanlardan olan
dostları deyəcəklər: "Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları
özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!"
(Allah) buyuracaq: "Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan islamı
qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik
qalacaqsınız!" Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!
[6:129]
Beləliklə, qazandıqlarına (qazandıqları günahlara)
görə zalımların bə'zisini digərinin arxasına taxaraq (və ya pis işləri bir yerdə gördükləri üçün qiyamət gününün əzabından onları bir-birinə belə
yaxınlaşdırarıq).
[6:130]
Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: "Biz öz əleyhimizə şahidik!" (Peyğəmbərlər bizə pis işlərimiz barədə xəbərdarlıq etsələr də, biz onlara qarşı çıxıb günah işləməkdə davam etdik. Biz indi hər cəzaya layiqik). Dünya həyatı onları
aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər.
[6:131]
Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!