[6:138]

(Müşriklər) öz (batil) iddialarına əsasən: "Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən (bütlərə xidmət edən kişilərdən) başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır",- dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Müşriklər) bütün bunları (Allahın əmri deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir.

[6:139]

(Müşriklər) həmçinin: "Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur (halaldır), onlar qadınlarımıza haram edilmişdir",- dedilər. Əgər (bala) ölü doğularsa, (kişilər və qadınlar) ona (onu yeməyə) ortaqdırlar. (Allah) onlara (bu yalan) vəsflərinin (dəyərləndirmələrinin) cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir!

[6:140]

Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini (müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər.

[6:141]

Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!

[6:142]

Yük daşıyan və (yunlarından) döşək düzəldilən heyvanları da (yaradan Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir.