[6:152]

Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin. ?lçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!

[6:153]

Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!"

[6:154]

Sonra Biz yaxşı işlər görən kimsəyə - Musaya (bəxş etdiyimiz ne'məti) tamamlamaq, hər şeyi ətraflı izah etmək üçün ona bir hidayət və (ilahi) mərhəmət olaraq kitabı (Tövratı) verdik ki, bəlkə, yəhudilər (bununla) öz Rəbbinə qovuşacaqlarına (Onun hüzuruna gedəcəklərinə) inansınlar!

[6:155]

Bu nazil etdiyimiz (Qur'an) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!

[6:156]

Biz onu sizin: "Bizdən əvvəl kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik",- deməməyiniz.

[6:157]

Və ya: "Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq", - söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cazalandıracağıq!