[6:158]
(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının),
yaxud da Rəbbinin bə'zi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? (Ya Rəsulum!) Rəbbinin bə'zi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı
heç bir fayda verməz. De: "Gözləyin,
doğrusu, biz də gözləyirik!"
[6:159]
(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır.
(Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!
[6:160]
Kim yaxşı bir
iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin
misli qədər cəza verilər. Onlara haqsızlıq
edilməz.
[6:161]
(Ya Rəsulum) De: "Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!"
[6:162]
De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!
[6:163]
Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!"
[6:164]
De: "Allah hər şeyin Rəbbi olduğu
halda, heç mən Ondan başqa Rəbbmi istərəm? "Hər kəsin qazandığı
günah ancaq özünə aiddir. Heç bir
günahkar başqasının
günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman
(Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir.
[6:165]
(Ey insanlar!) Verdiyiniz
ne'mətlərlə sınamaq üçün sizi yer üzünün varisləri tə'yin edən, dərəcələrə görə birinizi
diğərinizdən üstün edən Odur. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə cəza verən və şübhəsiz ki,
(mö'minləri)
bağışlayan, (onlara)
rəhm edəndir!