[7:23]

(Adəm və Həvva) "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" - dedilər.

[7:24]

(Allah) buyurdu: "Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır".

[7:25]

(Allah) buyurdu: "Orada yaşayacaq, orada öləcək və oradan (dirilib) çıxarılacaqsınız!"

[7:26]

Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız.

[7:27]

Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik.

[7:28]

(Şeytanla dost olanlar) ədəbsizlik (bütpərəstlik adəti üzrə Kə'bəni çılpaq təvaf) etdikləri zaman: "Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir",- deyirlər. (Ya Peyğəmbərim!) De: "Allah ədəbsizlik (yaramaz işlər) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?"

[7:29]

De: "Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (bütlərə deyil, Ona tərəf və ya qibləyə) tutun. (Allah) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!

[7:30]

(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü. Cünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər.