[7:38]

(Allah qiyamət günü onlara) buyuracaq: "Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!" Hər tayfa girdikcə (özündən əvvəlki) dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lə'nət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: "Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! (Allah) buyuracaq: "Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!"

[7:39]

Əvvəl gələnlər isə sonrakılara: "Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. (Biz sizi günah işlərə məcbur etmədiyimiz, əksinə, siz onları könüllü surətdə gördüyünüz üçün hər ikimiz eyni əzaba düçar olmalıyıq). Buna görə də qazandığınız günahların cəzası olaraq dadın əzabı! - deyəcəklər.

[7:40]

Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!

[7:41]

Onlar üçün Cəhənnəmdən (cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!

[7:42]

İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik - cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!

[7:43]

Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: "Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!" Onlara: "Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!" - deyə müraciət ediləcəkdir.