[7:44]

Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: "Biz Rəbbimizin bizə və'd etdiyini (axirət ne'mətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə və'd etdiyini (cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?" - deyə soruşacaq. Onlar: "Bəli!" - deyə cavab verəcəklər. Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (İsrafil və ya cənnətdəkilərdən biri): "Allah zalımlara lə'nət eləsin!" - deyə səslənəcək.

[7:45]

O kəslər ki, insanları Allah yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq (əymək) istəyər və axirətdə də inkar edərlər!"

[7:46]

Onların ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında pərdə (səs, maneə) və Ə'raf (Cənnətlə Cəhənnəm arasındakı səddin yüksəklikləri) üzərində isə (savabları və günahları, xeyir və şər əməlləri bərabər olan) insanlar (kişilər) vardır ki, onlar hamını (cənnətlikləri və cəhənnəmlikləri) üzündən tanıyıb cənnət əhlinə: "Sizə salam olsun!" - deyə müraciət edərlər. Bunlar (ə'raf əhli) çox istədiklərinə baxmayaraq hələ ora (Cənnətə) daxil olmamış (lakin Ə'rafda günahları təmizləndikdən sonra daxil olacaq) kimsələrdir.

[7:47]

Onların nəzərləri cəhənnəm əhlinə çevrildiyi zaman: "Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!" - deyərlər.

[7:48]

Ə'raf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: "Sizə nə yiğdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi", - deyəcək.

[7:49]

(Və fağır, yoxsul mö'minləri kafirlərin böyüklərinə göstərərək: ) "Allah onları ?z mərhəmətinə nail etməyəcək, -deyə and içdiyiniz kəslər bunlarmıdır?" - söyləyəcəklər. (O anda Allah həmin mö'minlərə müraciətlə belə buyuracaq: ) "Cənnətə daxil olun. Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!"

[7:50]

Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: "Ustümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!" - deyəcək. Onlar isə: "Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!" - deyə cavab verəcəklər.

[7:51]

O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş və (fani) dünya həyatı onları aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq!