[7:68]

Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.

[7:69]

Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın ne'mətlərini yada salın ki, bəlkə, nicat tapasınız!"

[7:70]

(Hud tayfasının kafirləri) dedilər: "Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!"

[7:71]

(Hud) onlara belə dedi: "Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu (artıq əzab və qəzəb gəldi). Sizin və atalarınızın (özlərindən uydurub) verdiyi adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar (onlara ibadət edilməsi) barədə heç bir dəlil endirməmişdir. (Allahın əzabının gəlməsini) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!"

[7:72]

Beləliklə, onu (Hudu) və onunla birlikdə olanları (iman gətirənləri) ?z mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik.

[7:73]

Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi (maya) dəvəsi sizin üçün (peyğəmbərliyimi təsdiq edən) bir mö'cüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!