[7:74]
(Allahın) sizi Ad
tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz,
dağlarını ovub (yonub) evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın. Allahın ne'mətlərini yada salın, yer
üzündə dolaşıb fitnə-fəsad törətməyin!"
[7:75]
Saleh tayfasının
(iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü
başçıları içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara
üz tutub: "Siz Salehin,
doğrudan da, Rəbbi tərəfindən göndərilmiş (bir
peyğəmbər) olduğunu
bilirsinizmi?" - deyə soruşdular.
Onlar: "Bəli, biz onunla
göndərilən hər bir şeyə (bütün dini hökmlərə) inanırıq!"
- deyə cavab verdilər.
[7:76]
(Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: "Sizin
inandığınıza (Salehin peyğəmbərliyinə) biz inanmırıq!"
- dedilər.
[7:77]
Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub
(istehza ilə): "Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!" - dedilər.
[7:78]
Buna görə də onları dəhşətli bir
sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
[7:79]
(Saleh) onlardan üz
döndərib belə dedi: "Ey
camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz
öyüd-nəsihət verənləri sevmirsiniz!"
[7:80]
Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı
(kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?
[7:81]
Siz qadınları
atıb şəfvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da,
həddi aşmış bir
tayfasınız!"