[7:82]

(Lut) tayfasının (bu sözə) cavabı (istehza ilə): "Onları (Lutu və ona tabe olanları) məmləkətinizdən çıxarın, çünki onlar (həddindən ziyadə) təmiz (bu cür işlərlə məşğul olmayan) adamlardır!" - deməkdən başqa bir şey olmamışdı.

[7:83]

Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız övrəti (Vailə öz gizki küfrü səbəbilə) həlak oldu.

[7:84]

Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör (Allaha asi olan, peyğəmbələri inkar edən) günahkarların axırı necə oldu!

[7:85]

Mədyən tayfasına da qardaşları Şüeybi (peyğəmbər) göndərdik. (Şüeyb) onlara belə dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (mö'cüzə) gəldi. ?lçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz mö'minsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!

[7:86]

Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!

[7:87]

Əgər sizin bir qisminiz mənimlə göndərilən (dini hökmlərə) inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər səbr edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!"