[7:138]

Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!" (Musa belə) cavab verdi: "Siz, doğrudan da, cahil bir tayfasınız!

[7:139]

Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!"

[7:140]

(Musa yenə) dedi: "Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!"

[7:141]

(Ey İsrail övladı!) Yadınıza salın ki, sizi Fir'on əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.

[7:142]

Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə və'dələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) tə'yin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: "Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!"

[7:143]

Musa tə'yin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) "Ey Rəbbim! ?zünü (camalını) mənə göstər. Sənə baxım!" - dedi. Allah: "Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən", - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!" - dedi.