[8:26]

(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!

[8:27]

Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və aranızdakı əmanətlərə xəyanət etməyin! (Allahın əmrlərinə, Peyğəmbərin şəriətinə, dini vəzifələrinizə və borclarınıza sadiq olun!)

[8:28]

Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!

[8:29]

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyül lütf (mərhəmət) sahibidir!

[8:30]

(Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!

[8:31]

Ayələrimiz onlara oxunduğu zaman: "Eşitdik: istəsək, biz də bunu bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!" - söyləyərlər.

[8:32]

Bir zaman da: "Ya Allah! Əgər bu (Qur'an) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!" - demişdilər.

[8:33]

Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!