[8:41]
(Ey mö'minlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-birilə
qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!
[8:42]
O zaman (Bədr günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar (düşmənləriniz) isə ən uzaq tərəfindən idilər. Karvan sizdən
aşağıda (sahilə
yaxın gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda üz-üzə gəlmək haqqında) və'dələşsəydiniz,
(onların çox olmasından və sizi öldürməsindən qorxaraq) tə'yin etdiyiniz
vaxt barəsində aranıza
ixtilaf düşərdi. Lakin Allah olacaq
işi (mö'minlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir
mö'cüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da
aşkar bir mö'cüzə ilə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi)
eşidəndir, biləndir!
[8:43]
O zaman Allah rö'yanda
sənə onları (düşmənləri) az göstərirdi. . Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş
barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O,
həqiqətən, ürəklərdə olanları biləndir!
[8:44]
(Düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin
gözünüzdə (sayca) az göstərir, sizi də onların
gözündə azaldırdı. Bütün işlər axırda
Allaha qayıdacaqdır. (Zəfər də, məğlubiyyət də sayın çoxluğu ilə deyil, Allahın iradəsi ilədir).
[8:45]
Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız!