[8:46]

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!

[8:47]

(Ey mö'minlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər (Məkkə müşrikləri) kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!

[8:48]

O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!" Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: "Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (mö'minlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!" - demişdi.

[8:49]

O zaman münafiqlər və ürəklərində mərəz (e'tiqad zəifliyi və islama qarşı şəkk-şübhə) olanlar: "Bunları (müsəlmanları) öz dinləri aldatdı!" - deyirdilər. Lakin Allaha təvəkkül edən (qalib olar). Cünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət sahibidir!

[8:50]

(Ya Rəsulum!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: "Dadın atəşin əzabını!" - deyib canlarını alanda görəydin!

[8:51]

Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!

[8:52]

Eynilə Fir'on nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Allahın ayələrini yalan hesab etdilər, Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətlidir!