[8:62]
Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni ?z köməyilə və mö'minlərlə müdafiə edib möhkəmlətdi.
[8:63]
Və onların (birini düşmən Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi,
çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.
[8:64]
Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən mö'minlərə təkcə Allah bəs edər.
[8:65]
Ya Peyğəmbər! Mö'minləri döyüşə həvəsləndir (təşviq et).
İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi
olsa, min kafirə qalib gələr. Cünki onlar (həqiqətən, Allahın mö'minlərə olan köməyini) anlamayan bir
tayfadır!
[8:66]
(Ey mö'minlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Cünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi
olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!
[8:67]
Heç bir peyğəmbərə yer üzündə (küfrün
kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları
öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey mö'minlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
[8:68]
Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olsaydı (lövhi-məhfuzda qənimətlərin və əsirlərin halal olması
haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab üz verərdi
(toxunardı).
[8:69]
Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. Allahdan qorxun. Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir!