[8:70]

Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah (?z əzəli elmi ilə) ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!

[8:71]

Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan verdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

[8:72]

İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək istəyənlər (ənsar) - məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur (onların dostluğundan sizə heç bir mənfəət və ya qohum olsanız belə, aranızda heç bir varislik yoxdur). Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!

[8:73]

Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər).

[8:74]

İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) - məhz onlar həqiqi mö'minlərdir. Onları (axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!

[8:75]

Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Qur'anda irs, varislik baxımından) bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi biləndir! (Məkkənin fəthinə qədər mühacirlər və ənsar qohumluq əlaqələrindən asılı olmayaraq bir-birinin varisi hesab edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ yalnız qohumlara aid edildi).