At-Tawbah
[9:1]
Allahdan və Onun Peyğəmbərindən saziş
bağladığımız müşriklərə (onlarla olan əhdlərinin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!
[9:2]
(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz
Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından
qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dünyada və axirətdə) rüsvay edəcəkdir!
[9:3]
Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında
vacib, fərz olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir
bildiriş! Allahın və Onun
Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli
olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları
şiddətli bir əzabla müjdələ!
[9:4]
Müqavilə bağlandıqdan sonra sizə qarşi bir naqislik etməmiş (onun şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər
istisnadır. Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri (əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!
[9:5]
Haram aylar (onlara
möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz,
öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün
yollarını - keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir!
[9:6]
Əgər (basqına
uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki,
Allah kəlamını
(Qur'anı) dinləsin. Sonra
(islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Cünki onlar (haqqı) bilməyən bir tayfadır!