[9:7]

Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni-Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!

[9:8]

Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər? Onlar ürələri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar. Onların əksəriyyəti (Allaha asi olan, itaətdən çıxan, əhdi pozan) fasiqlərdir!

[9:9]

Onlar (müşriklər və ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər (islamı qəbul etməyə mane oldular). Həqiqətən, onların gördükləri iş necə də pisdir!

[9:10]

Onlar bir mö'min barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar (günah etməklə) həddi aşanlardır!

[9:11]

Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!

[9:12]

Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!

[9:13]

(Ey mö'minlər!) Məgər siz andlarınızı (əhdlərini) pozan, Peyğəmbəri (öz yurdundan) çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınzmı? Məgər onlardan qorxursunuz? Əgər (həqiqi) mö'minlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!