[9:32]

Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Qur'anı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər.

[9:33]

Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün ?z Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!

[9:34]

Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!

[9:35]

O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): "Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!" - (deyiləcəkdir!)

[9:36]

Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə'də, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!