[9:41]

(Ey mö'minlər!) Ağırlı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb) hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!

[9:42]

Əgər o (də'vət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: "Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq",- deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir.

[9:43]

Allah səni bağışlasın! (Allah səni əfv etdi). Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?

[9:44]

Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izin istəməzlər (o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyandır!

[9:45]

Səndən (cihada çıxmamaq üçün) izin istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar.

[9:46]

Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. Onlara: "(Evdə) oturanlara (qocalar, zəiflər, qadınlar və uşaqlarla bərabər) siz də oturun!" - deyildi.

[9:47]

Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu (fəsadı) artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır!