[9:80]

(Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsəndə, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!

[9:81]

(Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (mö'minlərə): "Bu istidə döyüşə çıxmayın!" - dedilər. (Ya Peyğəmbərim!) De: "Cəhənnəm odu daha istidir!" Kaş biləydilər!

[9:82]

Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar!

[9:83]

Əgər (Təbuk döyüşündən sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün) izin istəsələr, de: "Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Cünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!"

[9:84]

Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Cünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.

[9:85]

Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarınınətinliklə) çıxmasını istər.

[9:86]

Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun! - deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: "Qoy biz də (döyüşə çıxmayıb evdə) oturanlarla bir yerdə qalaq!" - deyərlər.