[10:7]

Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların -

[10:8]

Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!

[10:9]

İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə (Cənnətə) qovuşdurar. (Bol ne'mətli) Nəim cənnətlərində onların (qəsrləri, köşkləri) altından çaylar axar. [Və ya Rəbbi onlara imanları müqabilində (ağacları) altından çaylar axan Nəim cənnətlərinə yol göstərər].

[10:10]

Onların oradakı (mö'minlərin Cənnətdəki) duası: "Pərvərdigara! Sən paksan, müqəddəssən!", orada salamlaşması: "Salam!" duası: "Həmd olsun aləmlərin Rəbbi Allaha!" sözləridir.

[10:11]

Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o teliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. (Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqlarıərisində şaşqın bir vəziyyətdə qoyarıq!

[10:12]

İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.

[10:13]

Sizdən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) peyğəmbərləri özlərinə açıq-aşkar mö'cüzələr gətirdikləri halda (onlara) zülm etdikləri və iman gətirəsi olmadıqları üçün məhv etdik. Biz günahkarları belə cəzalandırırıq.

[10:14]

Onların ardınca yer üzünün varisləri sizi tə'yin etdik ki, görək özünüzü necə aparacaqsınız.