[10:54]

Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından artıq cəza verilməz).

[10:55]

Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın və'di haqdır, lakin (kafirlərin) əksəriyyəti (bunu) bilməz!

[10:56]

Dirildən də, öldürən də Odur. Məhz Onun hüzuruna qaytarılacaqsınız!

[10:57]

(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, mö'minlərə hidayət və mərhəmət (Qur'an) gəlmişdir!

[10:58]

(Ya Rəsulum!) De: "Allahın ne'məti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!"

[10:59]

De: "Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?" De: "(Bunu deməyə) Allah ?zü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?"

[10:60]

Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? (Onlara əzab verilməyəcəyinimi güman edirlər?) Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın ne'mətlərinə və mərhəmətinə) şükür etməz!

[10:61]

(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qur'andan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!