[10:71]
(Ya Rəsulum!) Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: "Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis
niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın.
Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirir), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin (istədiyiniz
hökmü çıxarın!).
[10:72]
Əgər siz (mənim öyüd-nəsihətimdən, də'vətimdən) üz çevirsəniz, (bilin ki) mən (bunun müqabilində) sizdən heç bir mükafat
istəmirəm. Məni mükafatlandırmaq
yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (özünü Allaha
təslim edənlərdən) olmaq əmr
edilmişdir!"
[10:73]
Onlar yenə də Nuhu yalançı hesab
etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat
verdik, onları (yer üzünə) varislər (xələflər) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb
boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola gəlməyənlərin) axırı necə oldu!
[10:74]
Nuhun ardınca öz ümmətlərinə peyğəmbərlər göndərdik. Onlar (öz ümmətlərinə) açıq-aşkar mö'cüzələr gətirmişdilər. Bunlar isə öncə (peyğəmbər gəlməzdən əvvəl) yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz (küfr etməklə, günah işləməklə) həddi aşanların
ürəklərini belə möhürləyirik.
[10:75]
Onlardan sonra Musanı
və Harunu Fir'ona və camaatına
açıq mö'cüzələrlə peyğəmbər göndərdik. Lakin onlar
(iman gətirməyi) özlərinə sığışdırmadılar və günahkar bir tayfa oldular.
[10:76]
Onlara Bizim tərəfimizdən haqq gəldikdə: "Bu, aşkar bir
sehrdir!" - dedilər.
[10:77]
Musa onlara belə dedi: "Məgər sizə haqq gəldiyi zaman onun
barəsində beləmi deyirsiniz? Bu sehrdirmi?
Sehrbazlar (dünyada və axirətdə) nicat tapmazlar!"
[10:78]
Onlar (Musaya və Haruna): "Bizi
atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük
etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!" - dedilər.