[10:89]

(Allah) buyurdu: "Hər ikinizin duasını qəbul etdim. Siz (öz də'vətinizdə və təbliğinizdə) sabitqədəm olun və cahillərin yoluna uymayın!

[10:90]

İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Fir'on və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Fir'on) batacağı anda: "İsrail oğullarının inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!" - dedi.

[10:91]

İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!

[10:92]

Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!

[10:93]

İsrail oğullarına (Misirdə və Şamda) çox gözəl bir yerdə təmiz (halal) ruzi verdik. Onlar özlərinə bir elm (Qur'an) gələnə qədər ixtilafda olmadılar. (Yəhudilər Tövratda Muhəmməd peyğəmbər haqqında oxumuşdular, onun əlamətlərini bilir və gələcəyinə inanırdılar. Lakin Qur'an nazil olduqda həsədləri üzündən əksəriyyəti onun peyğəmbərliyini inkar etdi). Qiyamət günü (Ya Rəsulum!) Rəbbin ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir!

[10:94]

(Ya Peyğəmbərim!) Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!

[10:95]

Allahın ayələrini təkzib edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan!

[10:96]

Həqiqətən, əleyhinə sənin Rəbbinin sözü gerçəklənmiş olanlar iman gətirməzlər!

[10:97]

Onlara hər hansı bir ayə gəlsə, şiddətli əzabı görməyincə (inanmazlar).