[10:107]

Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu ?zündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun ne'mətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.

[10:108]

(Ya Rəsulum!) De: "Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq (Qur'an və Peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanar. Mən sizə zamin deyiləm!"

[10:109]

Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır!

 

Hûd

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[11:1]

Əlif, Lam, Ra! Bu, ayələri himət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki,

[11:2]

Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən (Cəhənnəmlə) qorxudan və (Cənnətlə) müjdələyənəm.

[11:3]

Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim də'vətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram.

[11:4]

Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!

[11:5]

Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək (küfrlərini, ikiüzlülüklərini Peyğəmbərdən və mö'minlərdən gizlətmək) məqsədilə ikiqat olarlar (sinələrini bükərlər). Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi (bütün gizli və aşkar əməllərini) bilir. Allah ürəklərdə olanları biləndir.