[11:54]

Biz ancaq bunu deyirik ki, bə'zi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni danışırsan)". (Hud) belə cavab verdi: "Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam!

[11:55]

Bircə Ondan (Allahdan) başqa! (Yalnız Ona ibadət edirəm). İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!

[11:56]

Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! (Ədalət sahibidir. Hər kəsin cəzasını öz əməli müqabilində verir. Heç kəsin haqqını tapdalayıb mükafatını azaltmır. Mö'minə Cənnət, kafirə isə Cəhənnəm qismət edir).

[11:57]

Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən (Allahın mənə lütf etdiyi peyğəmbərliyi, buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz (Ona) heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!"

[11:58]

(Hud tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq!

[11:59]

Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə qarşı çıxdılar (peyğəmbərlərin hamısı tövhid, təkallahlılıq təblig etdiklərinə görə bir peyğəmbərə qarşı çıxan kimsə bütün peyğəmbərlərə qarşı çıxmış olur), başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular.

[11:60]

Və, beləliklə, dünyada da, qiyamət günündə də lə'nətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın mərhəmətindən) kənar (uzaq) oldu. (Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri Hudun tayfası Ad, digəri isə Adul-İrəmdir ki, ona Zatul-İmad da deyilir. Onları bir-birindən fərqləndirmək üçün burada birinci Ad qəbiləsi Hud qövmü adlandırılır).

[11:61]

Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür verdi). (Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (?z elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!"

[11:62]

Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə (bütlərə, tanrılara) ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri də'vət etdiyin (tövhid) barədə şəkk-şübhə içindəyik".