[11:72]

(İbrahimin arvadı) dedi: "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!"

[11:73]

(Mələklər ona) dedilər: "Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah tə'riflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!" (Allahın bütün işləri bəyənilmişdir. O, tükənməz və əvəzsiz ne'mət, ehsan və kərəm sahibidir!)

[11:74]

İbrahimin qorxusu çəkildikdə və ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdə Lut tayfası barəsində Bizimlə (mələklərimizlə) mübahisə etməyə başladı. (Əzabın onlardan dəf edilməsini istədi).

[11:75]

Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş bir zat idi. (İbrahimin mələklərlə mübahisəsi onun bu yüksək keyfiyyətlərindən irəli gəlirdi).

[11:76]

(Mələklər dedilər: ) "Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək, Rəbbinin əmri artıq gəlmişdir. Onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir.

[11:77]

Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: "Bu, çox çətin (başabəlalı) bir gündür!" - dedi.

[11:78]

Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: "Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?"

[11:79]

Onlar dedilər: "Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!"

[11:80]

(Lut) dedi: "Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim (alınmaz bir qalaya və ya güclü bir qəbiləyə pənah apara biləydim)!"

[11:81]

(Mələklər) dedilər: "Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?"