[12:31]
(Züleyxa
qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə də'vət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda
ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): "Onların
qarşısına çıx!" - deyə əmr etdi.
(Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran
olub) onu həddindən artıq tə'riflədilər və (özlərini itirib əllərindəki turuncun
qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: "Aman Allah! Bu ki, bəşər deyildir. Bu
ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!" - dedilər.
[12:32]
(Züleyxa
qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin
ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: "Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi.
(Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!"
[12:33]
(Yusif) dedi: "Ey Rəbbim! Mənim üçün zindan
bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların)
hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram".
[12:34]
Rəbbi (Yusifin)
duasını qəbul buyurub
(qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi)
eşidəndir, biləndir!
[12:35]
(Vəzir və ailəsi Yusifin günahsız
olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan
cırılmasını, üzünün cırmaqlanmasını,
qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı).
[12:36]
Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş
şah sarayının saqisi və
aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu
yozduğunu bildikdən sonra) onlardan
biri (şərab paylayan) dedi: "Mən (yuxuda)
gördüm ki, şərab (üçün üzüm)
sıxıram". Digəri (aşpaz) isə belə dedi: "Mən gördüm ki,
başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı
adamlardan olduğunu
görürük!"
[12:37]
(Yusif) belə cavab verdi:
"Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mə'nasını
(gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət
olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha
inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!