[12:96]

Muştuluqçu gəlib köynəyi (Yə'qubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: "Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!" söylədi.

[12:97]

(Oğlanları ona: ) "Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!" dedilər.

[12:98]

(Yə'qub) dedi: "Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!"

[12:99]

(Yə'qub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını (analığı olan xalasını) bağrına basıb: "İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!" dedi.

[12:100]

(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: "Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!"

[12:101]

(Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yə'qub vəfat etdi. Yusif atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir e'tibarı olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi: ) "Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!"

[12:102]

(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin!

[12:103]

Sən (qövmünün imana gəlməsi üçün) təşnə olsan da, insanların (Məkkə müşriklərinin) əksəriyyəti iman gətirən deyildir!