[13:6]

(Müşriklər) səni tələsdirib (özlərinə) yaxşılıqdan əvvəl pislik (Allahın mərhəmətindən qabaq əzabını) istəyirlər. Halbuki onlardan öncə (Allaha asi olan tayfalar, xalqlar barəsində) bu kimi (ibrətamiz) cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!

[13:7]

Kafir olanlar: "Məgər ona Rəbbindən bir mö'cüzə endirilməli deyildimi?" - deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!

[13:8]

Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi əzəldən müəyyən edilmişdir. Hər kəsin iste'dadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey yoxdur. )

[13:9]

O, qeybi də, aşkarı da biləndir, (hər şeydən) böyükdür, ucadır! (Allah eyibsizdir, nöqsansızdır. Onun heç bir şəriki yoxdur!)

[13:10]

Sizdən sözünü gizlədən də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən də, gündüz aşkar gəzib dolanan da (Allah üçün) eynidir. (Allah kimin nə etdiyini bilir. Heç bir şey Ondan gizli qalmaz).

[13:11]

(İnsan üçün) onu öndən və arxadan tə'qib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz.

[13:12]

Sizə qorxu və ümid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq, digər tərəfdən də yağış istəmək) məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır buludları yaradan da Odur.

[13:13]

Göy gurultusu Onun şə'ninə tə'riflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir! (Allah yenilməz qüvvət sahibidir!)