[13:35]

Allahdan qorxub pis əməllərdən çəkinənlərə (mö'minlərə) və'd edilən Cənnətin vəsfi belədir: (ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir!

[13:36]

Kitab verdiklərimiz (kitab əhlinin sənə iman gətirənləri) sənə nazil etdiyimizə (Qur'ana) sevinirlər. (Yəhudilərdən və xaçpərəstlərdən sənə qarşı ədavət bəsləyən) elə firqələr də vardır ki, onun (Qur'anın) bir qismini inkar edirlər. (Ya Rəsulum!) De: "Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur. Mən (insanları yalnız) Ona (ibadət etməyə) də'vət edirəm və mənim axır dönüşüm də yalnız Onadır!" (Məhz Onun hüzuruna qayıdacağam!)

[13:37]

(Ya Rəsulum!) Beləliklə, Biz onu (Qur'anı) ərəbcə bir hökm olaraq (insanlar arasında onunla hökm etmək üçün) nazil etdik. Əgər sənə (vəhylə) gələn elmdən (Qur'andan) sonra (kafirlərin) nəfslərinin istəklərinə (puç arzularına) uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz! (Və ya: Sənin Allah tərəfindən nə bir dostun, nə də bir qoruyucun olar!)

[13:38]

(Ya Rəsulum!) Biz səndə əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik. Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir mö'cüzə gətirə bilməz. Hər dövrün bir kitabı (lövhi-məhfuzda yazılmış hökmü) var. (İlahi kitablardan hər birinin öz nazil olma vaxtı var. Bunlar zamanın, dövrün tələbinə və ehtiyacına görədir).

[13:39]

Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.

[13:40]

Onlara və'd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də və ya (ondan qabaq) səni öldürsək də (?z dərgahımıza götürsək də, fərq etməz). Sənin vəzifən ancaq (dini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!

[13:41]

Məgər onlar (kafirlər) Bizim (hökmümüzlə, qüdrətimizlə) yer üzünə gəlib onu (müxtəlif) tərəflərindən əskiltdiyimizi (müsəlmanların get-gedə onların torpaqlarını fəth etdiklərini) görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!

[13:42]

Onlardan əvvəlkilər də (ümmətlər, tayfalar da Allahın peyğəmbərinə qarşı) tələ qururdular. Bütün hiylələrin (məkrlərin) cəzasını ancaq Allah verəcəkdir. (Allah) hər kəsin (dünyada) nə qazandığını (bütün yaxşı və pis əməllərini) bilir. Kafirlər axirət yurdunun (o dünyanın gözəl aqibətini) kimin olacağını biləcəklər!